Ali məktəb diplomlarında heç bir dəyişiklik olmayacaq. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin rəisi İlham Mustafayev məlumat verib. “Ola bilər ki, diplomların formalarında dəyişiklər olsun, təkmilləşmə işi aparılsın”.
Qeyd edək ki, bir müddət əvvəl Təhsil Nazirliyinin özəl universitetlər üzrə kuratoru İlyar Vahabov Azərbaycanda ali və orta ixtisas təhsili haqqında sənədlərin – diplomların formasının dəyişdiriləcəyi haqqında məlumat vermişdi.
Hazırda diplomlar Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”na uyğun verilir. Həmin qaydalara uyğun olaraq bakalavrlara və magistrlərə adi və fərqlənmə diplomları verilir. Bu diplom 15x21sm ölçüdə kitabça şəklində çap olunur. Ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir.
Orta ixtisas təhsili pilləsində da məzunlara iki cür –adi və fərqlənmə diplomları verilir. Həmin diplomlar 15x21sm ölçüdə kitabça şəklində çap olunur. Orta ixtisas təhsili müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir.
İlk peşə-ixtisas təhsili pilləsində məzunlara adi və xüsusi nümunəli diplomlar, sertifikat verilir. Diplom və sertifikat ilk peşə-ixtisas təhsili pilləsini müvəffəqiyyətlə başa vurmuş şəxslərə verilir.
Nihadə Eyyubova