Modern.az

DİN İsa Qəmbərin müşavirinin saxlanılmadığını, Yadigar Sadıqlı isə əksini bildirdi

DİN İsa Qəmbərin müşavirinin saxlanılmadığını, Yadigar Sadıqlı isə əksini bildirdi

23 Yanvar 2013, 19:17

Müsavat başqanının müşaviri, partiyanın Lənkəran təşkilatının sədri Yadigar Sadıqlı yanvarın 23-də polis tərəfindən saxlanıldığını, bir-iki saat sonra buraxıldığını deyir.

Modern.az-a açıqlamasında Yadigar Sadıqlı bildirib ki, polisə aparılması Müsavat başqanı İsa Qəmbərin yanvarın 27-ə yenidən Lənkərana gözlənilən səfəri ilə bağlı olub. Y.Sadıqlının sözlərinə görə, Müsavat Partiyası Lənkəran rayon şöbəsinin yaranmasının 20 illiyi ilə bağlı tədbirin keçirilməsi  üçün rayon İcra Hakimiyyətinə məktubla müraciət etsə də, ona cavab verilməyib.

”Buna görə də məni polisə apardılar. Lənkəran şəhər İcra Hakimiyyətindən məktubuma cavab gəlmədi. Onlar birbaşa polisə müraciət etdilər. İcra Hakimiyyəti tədbirin keçirilməsini qadağan edib”.

Y.Sadıqlı onu da bildirib ki, bütün qadağalara baxmayaraq, tədbir müsavatçılardan birinin evində və ya restoranda keçiriləcək.

”Odur ki, heç kimin bu tədbiri kiminsə evində və ya restoranda keçirilməsinə qadağa qoymaq hüququ yoxdur”.

Müsahibimiz deyir ki, Polis İdarəsinə aparılan zaman orada rəislə görüşmək üçün  saxlanılsa da, görüş baş tutmayıb. Yadigar Sadıqlının sözlərinə görə, Polis İdarəsindən ona bildiriblər ki, “ola bilsin sabah rəis sizinlə görüşsün”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada bildirilib ki, Y.Sadıqlının polisə aparılması həqiqət deyil.  

Gültəkin Ələsgər   
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı