Martın 6-da Azərbaycanın Xarkovda yerləşən fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə aviazərbələr endirilib. Rusiya qoşunlarının hücumu nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb. Bundan əlavə, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.
Hadisə zamanı Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb, hazırda onlar təhlükəsiz yerdədirlər.
Azərbaycan Konsulluğunun hücuma məruz qalması ictimaiyyət tərəfindən etirazla qarşılandı. Bir çox siyasətçilər, politoloq və ekspertlər sosial şəbəkə vasitəsilə məsələ qaldıraraq, Rusiyanın Azərbaycandan üzr istəməsini tələb ediblər. Bildirilir ki, Moskva Fəxri Konsulluğa edilən hücuma aydınlıq gətirməli və rəsmi şəkildə üzrxahlıq etməlidir.
Bununla bağlı Modern.az-a danışan Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Azər Badamov bildirib ki, Xarkovda yerləşən konsulluğun binasının raket atəşinə məruz qalaraq dağıdılması heç də Azərbaycana qarşı atılan addım kimi başa düşülməməlidir:
“Çünki müharibə ərazisində yerləşən bütün obyektlər təhlükə altında olur. Orada başqa ölkələrin də diplomatik nümayəndəliklərinin binalarına raket düşə bilər. Heç bir bina atəşdən sığortalanmayıb. Ona görə də digər ölkələr öz diplomatlarını təcili olaraq Ukraynadan çıxarıblar”.
Rusiyanın üzr istəməsi məsələsinə gəlincə, deputat başqa fikirdə olduğunu bildirib:
“Xarkovda yerləşən Azərbaycan konsulluğunun binası müharibə gedən bölgədə olduğundan ora raket düşməsinə görə hər hansı bir tərəfin üzr istəməli olduğunu düşünmürəm. Sadəcə müharibənin tezliklə dayandırılmasını və münaqişənin masa arxasında sülh yolu ilə həll olunmasını arzulayıram. Bu gün Ukrayna dağılır. Mülki insanlar həlak olur. 2 milyondan artıq ukraynalı Avropaya qaçıb, onlar canlarını qurtarıblar. Gözləri önündə şəhərləri dağılır. Hər iki tərəfdən böyük itkilər var. Bu böyük faciədir. Allah hər iki tərəfə səbir versin”.
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə vurğulayıb ki, Xarkovda təkcə bizim konsulluq binasına deyil, digər ölkələrə məxsus inzibati binalara da ziyan dəyib.
Deputatın fikrincə, belə halın baş verməsi beynəlxalq qanunların pozuntusudur: “Maraqlısı ondan ibarətdir ki, Xarkov daha çox etnik baxımdan rusların yaşadığı şəhərdir. Buna görə, mən başa düşə bilmirəm ki, niyə bu şəhərə qarşı belə vəhşicəsinə addım atıldı. Təbii ki, bizim fəxri konsulluğumuzun bomba altına düşməsi çox pis haldır. Düzdür, mən konsul Əfqan Salmanovla gündəlik əlaqə saxlayıram. Həmin hadisə zamanı bizim tərəfdən itki olmayıb. Ancaq bu münaqişə bitdikdən sonra hüquqi yanaşma sərgilənməlidir. Vaxtı gəldikdə cavab tələb edəcəyik. Bunun ediləcəyinə inanıram. Xarkovda yaşayan insanların bəlkə də yarısından çoxu etnik ruslardır və burada 90 faiz insan rusdillidir.
Qeyd edim ki, bizim fəxri konsolumuz Əfqan Salmanov daima iş başındadır. O həmişə azərbaycanlılara kömək edib və hər zaman soydaşlarımızın maraqlarını müdafiə edib. Eyni zamanda onların ehtiyacını qarşılayıb”.
Həmçinin oxuyun:
Azərbaycanın Xarkovdakı fəxri konsulluğu dağıdıldı