Yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda çoxsaylı insanın iştirakı ilə keçirilən etiraz aksiyası bütün diqqətləri bu olaya yönəldib.
Hadisəyə həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə fərqli münasibətlər bildirilir. Modern.az saytının məlumatına görə, siyasi hakimiyyətə rəqib cəbhədə olan müxalifət liderləri də İsmayıllı olaylarına rəy bildiriblər.
Azərbaycan Ziyalılar Forumunun İdarə Heyətinin üzvü Eldar Namazovun sözlərinə görə, son həftələrdə baş verən və cəmiyyəti silkələyən bu hadisələr - əsgər ölümü ilə bağlı gənclərin Fəvvarələr meydanındakı aksiyası, Müsavat başqanı İsa Qəmbərə Lənkəranda olan hücum, Binə Ticarət Mərkəzində etiraz nümayişi və nəhayət İsmayıllıda vəzifəli şəxslərin əməllərindən cana yığılan sakinlərin ayağa qalxması – hakimiyyətə ciddi siqnaldır.
E.Namazovun fikrincə, 2013-cü ildə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, növbəti aylarda ciddi ictimai-siyasi proseslərin baş verəcəyinə əmindir.
”Artıq cəmiyyət qaynayır, bütün cəmiyyət yenilik istəyir, haqq-ədalətin bərqərar olmasını, ədalətsizliyə, qanunlara hörmətsizliyə son verilməsini istəyir”.
AXCP sədri Əli Kərimlinin fikrincə, cəzasızlıq, ədalət məhkəməsinin olmaması bu kimi hadisələrə rəvac verir, İsmayıllıda olduğu kimi.
Ə.Kərimli İsmayıllıda hadisə yerinə Daxili Qoşunların əsgərlərinin göndərilməsini də pisləyib.
”Boğaza yığılmış xalqı dinləmək, azğınlaşmış məmurları cəzalandırmaq lazımdır”-deyə Ə.Kərimli vurğulayıb.