
Modern.az xəbər verir ki, İsmayıllı rayonunda əhali ilə polisin qarşıdurması ilə nəticələnən hadisələrə Azərbaycandakı siyasi partiyalar münasibət bildirməkdə davam edirlər.
Azərbaycan Demokrat Partiyası (ADP) bəyan edib ki, bütün bu hadisələr ölkədə məmur özbaşınalığı, insan hüquq və azadlıqlarının total şəkildə pozulması, siyasi inkişafın məqsədyönlü şəkildə əngəllənməsi, qanunların işlməməsi faktlarından qaynaqlanır.
ADP hesab edir ki, hakimiyyətin bu cür hadisələrdə qeyri-adekvat davranış nümayiş etdirməsi haqlı sosial narazılıqlara qarşı aşırı güc tətbiq etməsi, repressiyalar həyata keçirməsi və günahkar məmurların cəzalandırılmaması bu cür hadisələrin intensivləşərək ölkədə vətəndaş qarşıdurmasına gətirib çıxaraçaq. Partiya hakimiyyəti konstitusiya və qanunlara riayət etməyə, ölkə vətəndaşlarını yaranmış hadisələr fonunda hər cür zorakılıqlardan çəkinməyə, öz hüquqlarını dinc və demokratik yolla müdafiə etməyə çağırıb.
Ədalət Partiyası İsmayıllıda dünən axşam baş verən hadisələrə kəskin reaksiya verib. Partiya bildirib ki, İsmayıllı hadisəsi də daxil olmaqla son həftələrdə baş verən və cəmiyyəti həqiqi mənada silkələyən hadisələr hakimiyyətə ciddi siqnal olmalı və təcili tədbirlər görməyə sövq etməlidir. Qurum rəhbərliyinin fikrincə, bu həm də ictimai fikrə etinasızlığın, cəzasızlığın, ədalətin və ədalət məhkəməsinin olmamasnın göstəricisidir: “ Məhz bu səbəblərdən insanlar özləri bir-birilərini cəzalandırmaq məcburiyyətində qalırlar. Bu isə olduqca təhlükəli tendensiyadır və təcili, həm də ən yüksək səviyyədə müdaxilə edilməsə biz daha qorxulu və kortəbii proseslərin şahidi ola bilərik”.
Ədalət Partiyası bu cür tendensiyaların vətəndaşlarda kütləvi narazılıqlar yaradacağından və Azərbaycan üçün indiki - bütün mənalarda həssas məqamda ölkəni nəzarətdən çıxa biləcək situasiyalara doğru apara biləcəyindən narahatdır. Ədalət Partiyası vəzifəsindən və səlahiyyət dairəsindən asılı olmayaraq bütün məmurlara səslənib: “Özünüzə gəlin! Çalışın ki, həmişə adından pafosla danışdığınız xalqın içində və yanında olasınız. Əks halda onu qarşınızda görəcəksiniz: istəsəniz də, istəməsəniz də!”.
İsmayıllı rayonunda baş verən məlum hadisələrlə əlaqədar
Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbədənkənar iclası keçirilib. Partiya baş verənlərin yarıtmaz kadr siyasəti nəticəsində yarandığını bildidib. Partiya İsmayıllıda yaranmış gərginlikdə adları hallanan dövlət məmurları istefaya göndərilərək, barələrində xüsusi təhqiqatın aparılmasını tələb edib.
Bu gün
Demokratik Qüvvələrin Məşvərət Məclisi İsmayıllıda baş verən hadisələrlə bağlı fövqaladə toplantı keçirib. Toplantıda bəyanat qəbul edilib. Bəyanatda İsmayıllı əhalisinin haqlı etirazına qarşı qüvvə tətbiqindən narahatlıq ifadə edilib və hakimiyyət repressiyalardan çəkinməyə çağırılıb.
Qurum bu hadisələri məmurlarının özbaşınalığının cəzasız qalması, müstəqil məhkəmə hakimiyyətinin olmaması ilə də əlaqələndirib.
”İsmayıllıda baş verən hadisələr bir daha sübut edir ki, ölkənin idarəolunmasında o cümlədən də kadrların təyin edilməsində çox böyük problemlər var və bu cür idarəetmə metodu məmur-oliqarx özbaşınalığına birbaşa şərait yaradır”.
Azərbaycan İslam Partiyası
baş verənləri cəmiyyətdə süni şəkildə yaradılan təbəqələşmənin nəticələri kimi qiymətləndirir, qanunların hamı üçün eyni olmadığı ictimai ziddiyyətin açıq təzahürü hesab edir.
”Hakimiyyət orqanlarında çalışan məmurlar həmişə təkrar-təkrar dediyimiz kimi, vəzifələrindən xalqa xidmət üçün deyil, gəlir və varlanmaq məqsədilə istifadə edirlər”deyə bildirən partiya hesab edir ki, hadisələr nəticələri ilə deyil, onları törədən səbəbləri ilə hüquqi qiymətini tapmalıdır.
”Bu hadisəyə görə, hansısa sadə vətəndaşın təhdid və ya həbs olunmasına qəti etirazımızı bildirir, baş verənlərin əsl səbəbkarlarının araşdırılaraq cəzalandırılmasını tələb edirik”.
Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, radikal müxalifət və onun mətbuatı hər bir hadisədən hakimiyyətə qarşı istifadə etmək və bu hadisələri də məxsusi şəkildə öz xeyrinə yozmaq istəyir.
YAP bəyan edib ki, baş verən hadisə araşdırılır, hüquq-mühafizə orqanları məsələni tam obyektiv şəkildə ictimaiyyətə çatdıracaqlar.
Modern.az