Modern.az

Bu görüş qardaşlığımızı daha da möhkəmləndirəcək - DEPUTATLAR

Bu görüş qardaşlığımızı daha da möhkəmləndirəcək - DEPUTATLAR

11 Mart 2022, 15:41

Prezident İlham Əliyev martın 10-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Çankaya Köşkündə 4 saata yaxın davam edən görüşdə Şuşa bəyannaməsi, Ukraynadakı vəziyyət, ölkələrimiz arasında əlaəqlərin daha da genişləndirilməsi və bu kimi aktual mövzular müzakirə olunub. 

 

Prezidentlərin görüşü haqqında Modern.az-a danışan deputatlar hesab edirlər ki, Ankarada Azərbaycan və Türkiyə arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən vacib müzakirələr aparılıb.

 

Deputat Hikmət Babaoğlunun fikrincə, Azərbaycan Prezidentinin Türkiyəyə səfərinə beynəlxalq aləmdə xüsusi diqqət dünyada formalaşmaqda olan yeni geostrateji arxitekturada Türkiyə və Azərbaycanın yerini və rolunu göstərir:

 

"Bu gün Yaxın Şərq və postsovet məkanında hibrid və vəkalət müharibələrinin alovlandığı bir vaxtda Türkiyə və Azərbaycanın sülh, əmin-amanlıq içərisində olması hər şeydən öncə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna liderlik keyfiyyətləri ilə bağlıdır. Azərbaycan və Türkiyə prezidentləri mühüm strateji qərarları ilə 21-ci əsrin ən yeni Türk tarixinə öz möhürlərini vurmuş liderlərdir. Məhz bu kritik qərarlar bu gün Cənubi Qafqaz kimi mürəkkəb regionda sülhün və əməkdaşlığın inkişafı üçün yeni şərtlər formalaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri və bu səfər çərçivəsində iki ölkənin qarşılıqlı maraqlarına uyğun məsələlərin müzakirə edilməsi hər iki ölkənin təhlükəsizliyi və gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Görüşün 4 saatdan çox davam etməsi də diqqət çəkir. Azərbaycan və Türkiyənin yeni dünya düzənində oynayacağı rol koordinasiya edilir. Yeni dünya nizamında iki qardaş ölkənin oynayacağı mümkün rolun koordinasiya edilməsi, çoxqütblü dünya nizamında strateji müttəfiq olaraq yerinin müəyyən edilməsi vacibdir".

 

Deputat vurğulayıb ki, hazırda dünyada baş verən mürəkkəb proseslər kontekstində milli dövlətlərin öz təhlükəsizliyini təmin etməsi olduqca çətin bir vəzifəyə çevrilib. Hətta etnik və demoqrafik baxımdan olduqca yaxın olan xalqların belə, biri digəri üçün təhlükə və təhdid kimi görülür:

 

"Ancaq Türk dünyasının tarix boyu yetişdirdiyi ən böyük liderlərdən olan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın strateji qərarları, uzaqgörən addımları iki qardaş ölkənin təhlükəsizliyini təmin edir. Başqa sözlə, iki qardaş ölkə öz təhlükəsizliklərini təmin etmək üçün sinxron qərarlar qəbul edərək bu tarixi vəzifənin öhdəsindən layiqincə gəlirlər”.

 

 

H. Babaoğlu deyib ki, dünyada və regionda baş verən proseslər fonunda Şuşa Bəyannaməsinin zamanında imzalanmış bir müttəfiqlik sənədi olduğu aydın görünür:

 

“Sənəd mümkün bütün təhdid və təhlükələrə qarşı iki qardaş ölkənin güclərini səfərbər edərək təhlükəsizliklərini qorumaq üçün mühüm hüquqi təminat yaradır. Şübhəsiz ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə vaxtında aldığı qərarlar bugünkü müttəfiqliyimizin iqtisadi və geostrateji əsaslarını təşkil edir. Əgər vaxtında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Qars qaz kəmərləri, o cümlədən TANAP, TAP kimi mühüm strateji layihələr həyata keçirilməsəydi, milli gücümüzün iqtisadi komponentləri bu qədər zəngin olmazdı. Məhz bu layihələrin davamı olaraq Zəngəzur dəhlizinin açılması zəruri şərt kimi ortaya çıxır. Bu dəhlizin açılması bütün region ölkələrinin strateji maraqlarının dairəsinə düşüb. Bu da Azərbaycanın həyata keçirdiyi strateji diplomatiya sayəsində mümkün olub. Ona görə də əminliklə deyə bilərik ki, Ankarada keçirilən görüş Türkiyə-Azərbaycan müttəfiqliyinin daha da dərinləşməsi və regionumuzda sülhün davamlı olması baxımından mühüm əhəmiyyət kəsb edəcək”.

 

 

Deputat Rasim Musabəyov isə xatırladıb ki, Azərbaycan-Türkiyə prezidentləri demək olar, hər ay görüşürlər:

 

“Dövlət başçıları az qala hər həftə bir-birlərinə telefon açırlar. Qardaş, dost və müttəfiq olan dövlətlər arasında belə münasibət olmalıdır. Düşünürəm ki, Azərbaycan-Türkiyə münasibətləri nümunəvidir. Bu gün regionun gündəliyində olan əsas məsələləri iki lider üzbəüz müzakirə edirlər. Əsas nəticə isə odur ki, Azərbaycan və Türkiyə vahid mövqedən çıxış edir. Bu, hər iki ölkə üçün olduqca vacibdir. Mən hesab edirəm ki, Türkiyə və Azərbaycanın proseslərə təsir imkanlarını artırması daha çox mümkündür”.

 

Deputat prezidentlərin Ukrayna böhranını da müzakirə etdiyini vurğulayıb:

 

“Hər halda biz sülh üçün təkliflərimizi veririk. Azərbaycan və Türkiyənin bu məsələdə birgə vasitəçilik təklifi o deməkdir ki, Volodimir Zelenski və Vladimir Putin arasında görüş İstanbulda baş tutarsa, Azərbaycan Prezidenti İlham Əliyev də orada iştirak edə bilər. Əgər Bakıda baş tutsa, Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan buraya gələrək, sülh danışıqlarında vasitəçiliyə qoşula bilər. Bu ikili vasitəçiliyin səmərəsi daha yüksək olacaqdır”.

 

 

Deputat Cavid Osmanovun sözlərinə görə, dünyada bir çox dövlətlər var ki, öz münasibətlərini hələ də strateji tərəfdaşlıq həddinə gətirib çıxara bilməyiblər:

 

“Bizdə isə prezidentlərin böyük əməyi, həyata keçirdikləri tədbirlər çərçivəsində ən yüksək səviyyəyə gəlib çıxıb. 2021-ci ilin 15 iyun tarixində qardaş Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalandı. Daha sonra isə bu, hər iki ölkənin parlamentində təsdiqləndi və rəsmən qanuna çevrildi.

 

Prezidentlər arasında çox yaxşı münasibətlər mövcuddur. Azərbaycan Prezidentinin Türkiyəyə səfəri əlamətdar hadisədir. Bir çox məsələlər burada müzakirə edildi. Görüşdə müttəfiqlik haqqında sənəd müzakirə olundu, onun icra mexanizmi, vacib addımların müzakirəsi aparıldı. Xüsusilə hərbi-texniki sahə üzrə müttəfiqlik haqqında sənəddə nəzərdə tutulmuş maddələrin icrasından söhbət açıldı. Digər bir tərəfdən Türkiyə və Azərbaycanla iş birliyi nəticəsində TAP və TANAP layihələrinin hazırkı dövrdə əhəmiyyəti daha çox göz önünə gəlib. Bu sahədə əməkdaşlıq daha aktualdır”.

 

Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətinə də toxunan Cavid Osmanov prezidentlərin bu mövzunu da müzakirə etdiyini xatırladıb. Deputat qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirən, bütövlükdə coğrafi baxımdan Türk dünyasını yaxınlaşdıran dəhlizdir:

 

“Zəngəzur dəhlizinin gələcəkdə işə düşməsi Naxçıvanla Qars arasında dəmir yolu xəttinin çəkilişini aktuallaşdırır. Bu isə ölkələrimiz arasında əhəmiyyətli dərəcədə iqtisadi, ticari məqamların inkişafına istiqamətlənmiş addımdır. Zəngəzur dəhlizi bölgəyə əmin-amanlıq, tərəqqi gətirəcək layihədir. Qardaş ölkənin dövlət başçısı ilə Prezidentimizin müzakirə etdiyi məsələlərdən biri də Rusiya və Ukrayna arasında yaranmış böhrandır. Hər iki ölkənin birgə səyləri nəticəsində danışıqlar yolu ilə tezliklə bitməsinə istiqamətlənmiş addımlarıdır. Görüşün 4 saata yaxın davam etməsi göstərir ki, çox əhəmiyyətli müzakirə aparılıb. Bu görüş iki ölkənin qardaşlığını daha da möhkəmləndirəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi