Ötən gündən bəri İsmayıllı rayonunda etiraz aksiyaları səngimək bilmir. Rayon sakinləri icra başçısının istefasını tələb edir, şüarlar səsləndirirlər. Modern.az rayondakı vəziyyətlə bağlı elə əslən İsmayıllıdan olan jurnalistlərdən münasibət öyrənib.
Jurnalist Xətai Əzizov baş verən olayların köklü araşdırmaya ehtiyacı olduğunu bildirib. X.Əzizovun sözlərinə görə, icra hakimiyyətinin başçısı təhkim olunduğu rayonda Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində bir daha dərindən düşünməlidir. “İcra başçısı öz fəaliyyəti, imkanları daxilində bir daha rayon əhalisinin, camaatının istəyinə uyğun olaraq onların həyat şəraitinin yaxşılaşdırılması, iş yerlərinin açılması və s. istiqamətlərdə daha ciddi tədbirlər görməlidir. Prezident bu gün əhalinin daha yaxşı yaşaması, onların həyat şəraitinin yüksəldilməsi istiqamətində çox mütərəqqi addımlar atıb. Mənə elə gəlir ki, icra başçısı da məhz bu baxımdan çıxış eləməli, Prezidentin təyinat etimadını doğrultmalıdır”.Jurnalist bildirib ki, İsmayıllıda baş verən bu olay ilk deyil: “Düzdür, bu birinci hal deyil. Amma əvvəllər İsmayıllıda belə səs-küy çıxmamışdı. İsmayıllı camaatı həmişə gələn qonaqlara qarşı mehriban olublar və həmişə də qanunlara riayət edən əhali olublar. İvanovkada baş verən hadisələr, indiki hadisələr və digər neqativ halları icra başçısı nəzərə almalı, bunların qarşısını almalıdır. Belə olmasa deməli cənab Prezidentin qarşıya qoyduğu proqram xarakterli məqsədlərə nail olunmasına meyl etməyən adam kimi imic qazanmış olacaq”.
Jurnalist Ədil Ədilzadənin sözlərinə görə, İsmayıllı rayonunda baş verən proseslər gözlənilən idi. Jurnalist bildirib ki, vətəndaşlar artıq bezib. “Çünki rayonda nə iş yerləri, nə sosial iqtisadi inkişaf ürək açan səviyyədədir. Bütün bunlarla yanaşı, sahibkarlar normal fəaliyyət göstərə bilmir. Rayon camaatı nüfuz sahibləri olan icra başçısı və onun nazir qardaşı Füzuli Ələkbərovdan gileylənir”.
Jurnalist İsmayıllı rayonunun İvanovka kənd sakinlərinin bir müddət öncə ona müraciət etdiklərini söyləyib. “Onlar üzləşdiyi problemləri dilə gətirirdilər. Nazir, eyni zamanda nazirin qardaşı İvanovkada olan rusları köçürmək üçün əllərindən gələni edirdilər. Bütün imkanlardan istifadə edib onları sıxışdırırdılar. Hətta İvanovka kənd sakinlərinin haqq səsini ölkə rəhbərliyinin diqqətinə çatdırılmasına belə mane törətmək istəsələr də, buna nail ola bilmədilər. Magistral yolların bağlanmağına baxmayaraq, İvanovka kəndinin sakinləri Prezident Administrasiyasının qarşısında aksiya keçirdilər, yalnız ondan sonra poblem çözüldü”.
Ə.Ədilzadənin fikrincə, bu aksiyada nazirin bacısı oğlunun etdiyi hərəkətlər heç bir etik normalara sığmır. “O, İsmayıllı camaatını təhqir edib. Çox təəssüf ki, Azərbaycanda bu sayaq aksiyalar hər hansı təhqir elementi olanda baş qaldırır. İnsanlar korrupsiya, rüşvətxorluğa görə bu cür təpki göstərmir”, – deyə İsmayıllıdan olan jurnalist əlavə edib.
Sevinc İltifatqızı