Modern.az

Sahibə Qafarova daim ölkəmizin mənafeyini müdafiə edir” – Vitse-spiker

“Sahibə Qafarova daim ölkəmizin mənafeyini müdafiə edir” – Vitse-spiker

11 Mart 2022, 21:50

Spiker Sahibə Qafarovanın rəhbərlik etdiyi VI çağırış parlamentin fəaliyyətə başlamasından iki il keçir. Bu müddət ərzində yeni çağırış parlament istər daxili nizam-intizamı, istər qanunvericilik fəaliyyətində müstəsna rolu, istərsə də beynəlxalq əlaqələrin gücləndirilməsi baxımından seçilməyi bacardı.

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli qazanılan uğurların xüsusilə sədr Sahibə Qafarovanın qətiyyətli və işgüzar rəhbərliyindən qaynaqlandığını bildirib.

 

Vitse-spikerin fikrincə, pandemiya şəraitində olsa belə, Milli Məclisin heç bir fəaliyyətində zəiflik olmadı:

 

“İki ilin necə sürətlə və ağır gəlib keçdiyi hər bir insana bəllidir. Mart ayının 10-da parlamentin yeni tərkibi təsdiqləndi və sədr, müavinlər seçildi. Martın 11-dən artıq dünyada pandemiya elan olundu. Yəni bizim bütün işlərimiz dünyanı bürüyən ağır faciə ilə paralel getdi. Pandemiya nə qədər mane olsa da, müxtəlif formalarda parlament öz işini davam etdirdi. Parlamentin sessiyası başlayanda Sahibə xanım ötən ilin hesabatını diqqətə çatdırdı. Bu çağırış parlament üçün səciyyəvi cəhətlər çox idi.

 

Azərbaycanın mənafeyini dünyada müdafiə edən, təcrübəli, Avropa Şurasında fəaliyyəti ilə diqqət çəkən, Avropa parlamentariləri səviyyəsində səsvermə ilə komitə sədri seçilən bir xanıma sədr kimi etimad göstərildi. Çünki haqqı-ədaləti ifadə etməsi, avropalılarla onların öz dilində danışa bilməsi, dünya xalqlarının içərisində Azərbaycanın çəkisini qorumaq qabiliyyəti onun parlamentdə də, Avropa Şurasında da sanballı deputat kimi yadda qalmasına səbəb oldu.

 

Biz Sahibə xanımla 10 ilə yaxın Avropa Şurasında fəaliyyət göstərmişik. Azərbaycan qadınının oradakı fəaliyyətindən hər bir insan qürur duyar. Təyyarəyə oturub, səmaya qalxdıqdan sonra bir düşüncə, bir əxlaq insanın qəlbinə hakim olur”.

 

 

Azərbaycanın uzun illər müharibə şəraitində yaşadığını xatırladan Fəzail İbrahimli deyib ki, beynəlxalq təşkilatların ermənilərin başına sığal çəkməsi, daim onları müdafiə etməsi Azərbaycanı təmsil edən deputatlar üçün ağır müşahidə olub:

 

“Biz sıxıntı mühitində yaşayırdıq. Torpağımızı işğal edən erməninin Avropa dövlətləri tərəfindən başı tumarlanırdı. Bütün məsələlərdə qabağa çəkilirdi. Orada hər dəfə düşmənlə üz-üzə gələndə hansı hisləri keçirirsən, bir Allah bilir. Bu ədalətsizliyə göz yuman Avropa Şurası idi. Heç bir məsələni həll etməyən, lakin ayrı-ayrı dövlətləri rüsvay etməklə məşğul olan, Azərbaycana qarşı isə ədalətin tərəzi gözünü pozan Avropa Şurasında biz Azərbaycanı 10 il təmsil etdik. 

 

Sahibə xanım o təşkilatda həmişə çəkisini saxladı. Bu fəaliyyət diqqət çəkdiyinə görə, parlamentin sədrliyinə layiq görüldü.

 

Böyük insanlar odur ki, öz tərcümeyi-halında saflığı qoruyub saxlaya bilir. Sahibə xanım elmlər doktoru, professordur. Bu da onun potensialına təsir edir. Sahibə xanımın çıxışlarında həmişə elm və məntiqin uzlaşması var. Çıxışları onun alimliyindən, siyasi yetkinliyindən dövlətə, millətə bağlılığından, ən əsası isə böyük məsuliyyətindən irəli gəlir. Bu mənada hesab edirəm ki, Sahibə xanım haqqında daha çox şey deyə bilərəm. Xalqın gözü isə tərəzidir.

 

Sədr seçildikdən sonra müstəqil Azərbaycanın bütünlüklə tarixində görülən beynəlxalq fəaliyyət son iki ildə görülən işlər qədərdir. Sahibə xanım taleyüklü məsələlərlə bağlı ayda bir dəfə xarici ölkələrə səfərə gedir. Azərbaycan parlamenti dünyanın diqqətini cəlb edir. Parlamentdə, demək olar, hər gün xarici qonaqlar olur”.

 

Vitse-spiker vurğulayıb ki, VI çağırış parlament ikinci Qarabağ müharibəsindən sonra fəaliyyətini müstəqil ölkənin parlamenti səviyyəsinə qaldırdı:

 

“Azərbaycan Prezidentinin apardığı diplomatik gedişlər, ordunun gücü, xalqın birliyi nəyi nə vaxt etmək lazımdır düşüncəsi müstəqil Azərbaycanı qələbəyə gətirib çıxardı. Biz qalib dövlətin parlamentiyik.

 

Bu gün hər bir sessiyanın özünün proqramı var, gündəlikdə məsələlər durur, bunlar ətrafında fikir mübadiləsi aparılır. İllik fəaliyyət planında kəsirdə qalan heç bir məqam olmur. Parlamentdə yüksək əhval-ruhiyyə yaradılıb. Spiker hər bir deputatı səbrlə, təmkinlə dinləyir, sona qədər hər kəsə söz verilir. Bütün bu müsbət məqamlar Sahibə Qafarovanın fəaliyyəti, idarəçiliyi sayəsində daha da möhkəmlənir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi