Modern.az

Yeni Azərbaycan-İran Anlaşması nələr vəd edir? - Deputat ŞƏRHİ

Yeni Azərbaycan-İran Anlaşması nələr vəd edir? - Deputat ŞƏRHİ

İqtisadiyyat

12 Mart 2022, 12:47

Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu nələri vəd edir?

Moden.az-ın məlumatına görə, Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov sualı şərh edib.

“İlk növbədə, bu anlaşma İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılmasına xidmət edərək regionun nəqliyyat infrastrukturunun genişlənməsinə imkan verəcək. Qeyd edək ki, memorandumun əsas məqsədi Azərbaycanın əsas hissəsi ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Belə ki, bu məqsədlə Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpü inşa ediləcək. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Anlaşmaya əsasən, ən azı gündəlik 1000 ədəd yük nəqliyyatı qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsi tikiləcək.

Anlaşmada layihənin maliyyələşdirilməsi xərclər üzrə də razılıq əldə edilir. Belə ki, Azərbaycan Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, İran isə Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün tikintisini maliyyələşdirəcək. Avtomobil yoluna paralel dəmir yolu xətti də inşa ediləcək. Növbəti 6 ayda dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsi məsələsi də razılaşadırılacaq”.


V.Bayramov deyib ki, 2020-ci il noyabrın 10-da bağlanan üçtərəfli anlaşmadan keçən müddətdə Ermənistan Zəngəzur dəhlizinin qısa zamanda yaradılmasına əngəllər yaratdı.

“Halbuki, Ermənistan ərazisindən belə dəhlizinin reallaşması iqtisadi baxımdan bu ölkənin özü üçün də yeni imkanlar yarada bilərdi. Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizinə “dəhliz” deyil, “yol” kimi baxaraq, bu faktordan gələcəkdə Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyə can atırdı. Ancaq heç bir halda kommunikasiyalarda regionun Ermənistandan asıllığı mümkün deyil. İravandakı revanşist meyillər bu reallığı qəbul etməyə imkan vermədi. Azərbaycan Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratmalqa öz planlarını reallaşdırdı və yenidən Ermənistan mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı”.



Deputatın sözlərinə görə, yeni layihə regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdür.

“Regionun kifayət qədər iqtisadi potensialı var. Bu da regional nəqliyyat infrastrukturunun əhəmiyyətini daha da artırır.

Digər tərəfdən, bu nəqliyyat xəttinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşağına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu yol xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Eyni zamanda, elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə yaınız Naxçıvana və qardş Türkiyəyə deyil, daha geniş coğrafiyaya o cümlədən Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanacaq”.


V.Bayarmovun fikrincə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda region üzərindən daşınan beynəlxalq yüklərinin həcmində artımların olacağı gözlənilir.

“Bu isə ondan xəbər verir ki, yeni anlaşma ilə Azərbaycan regiondakı geosiyasi mövqeyini daha da gücləndirə biləcək. Etiraf etmək lazımdır ki, bu layihə Azərbaycan diplomatiyasının mühüm qələbəsidir və ölkəmizin iqtisdadi inkişafına xüsusi töhfə verəcək.

Regionda yeni düzən formalaşmaqdadır. İnanırıq ki, bu düzən fonunda tezliklə yeni xoş reallıqlar gerçəkləşəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi