Modern.az

Birliyimizin GÜCÜ - Dünya azərbaycanlılarının əsas AMALI...

Birliyimizin GÜCÜ - Dünya azərbaycanlılarının əsas AMALI...

Diaspor

12 Mart 2022, 15:31

Azərbaycanlılar dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, hər yerdə birlik, bərabər və həmrəylik nümayiş etdirirlər. 44 günlük Vətən müharibəsi ərəfəsində soydaşlarımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, posmünaqişə dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni barbarlığının ifşası yönündə görülən tədbirlər dünya azərbaycanlılarının Vətənə, dövlətə bağlılığından, yeni zamanda gücündən xəbər verir.

 

Əlbəttə, bu işdə dövlət qurumlarının, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyətini qeyd etmək lazımdır. Bu gün Dövlət Komitəsi dünyanın dörd bir yanında yaşayan həmyerlilərimizə öz dəstəyini nümayiş etdirir, onların fəaliyyəti və üzləşdikləri problemlərin dərhal aradan qaldırılması üçün bütün gücünü səfərbər edir.

 

Nəticə göz önündədir: dünya azərbaycanlıları qalib xalqın nümayənədləri olaraq hər yerdə öz sözlərini deməyi bacarır, ermənilərin informasiya təxribatlarının qarşısını alaraq, şərəfli missiyalarını layiqincə yerinə yetirirlər.

 

Bu barədə Modern.az-a danışan soydaşlarımız Azərbaycanın mənafeyini dünyada müdafiə etmək üçün dövlətin göstərdiyi dəstəyi yüksək qiymətləndiriblər.

 

Gücümüz daha da artır...

 

Şimali İrlandiyada yaşayan həmyerlimiz Pərvanə Ağazadə deyir ki, azərbaycanlılar həmişə bir-birilərinə dəstək olurlar:

 

“Şimali İrlandiyada soydaşlarımızın sayı az olsa da, hər zaman bir-birimizə dəstək oluruq. Son illərdə dünya azərbaycanlıları daha güclü, daha da həmrəydir, xüsusilə Qarabağ müharibəsindən sonra birliyimiz daha da möhkəmlənib. Sosial şəbəkələrdə aktivik, müxtəlif qruplarımız var və orada vacib olan məlumatları paylaşırıq. Kimin köməyə ehtiyacı olarsa, orada paylaşıb bir-birimizə dəstək oluruq. Diaspor Komitəsi bizlərə həmişə dəstək verir və bütün layihələrdə yanımızda olur. Buna görə Komitə rəhbərliyinə təşəkkür edirik.

 

Biz Şimali İrlandiyada çalışırıq ki, tez- tez görüşək, bayramları birlikdə qeyd edək. Sayımız az olsa da, qarşıdan gələn Novruz bayramını birlikdə keçirməyi planlaşdırırıq".

 

Bir yumruq kimi birləşmişik...

 

İtaliyada yaşayan azərbaycanlı Orxan Kərimzadə dünya azərbaycanlılarının gücündən söz açaraq, soydaşlarımızın bir yumruq kimi birləşdiyini vurğulayıb.

 

“Müharibə dövründə İtaliyada idim və orada digər ölkələrdə olduğu kimi bütün soydaşlarımız bir yumruq kimi birləşmişdi. Xaricdə yaşayan azərbaycanlılar olaraq üzərimizə daha böyük məsuliyyət düşür, biz hər zaman həmrəy olmalıyıq. Çünki qürbətdə insan ona dəstək verən birinin olmasını düşünəndə daha cəsarətli olur. İtaliyada azərbaycanlılar daim əlaqədədirlər, köməyə ehtiyacları olana dəstək veririk”, - deyən O.Kərimzadə dövlətimizin hər bir azərbaycanlının yanında olduğunu sözlərinə əlavə edib.

 

Bayrağımız zirvələrdə dalğalanır...

 

 

Çexiyanın Plzen Konservatoriyasında təhsil alan gənc skripkaçı Canel Nəcəfli birliyimizin qürurverici olduğunu bildirib:

 

“Çexiyada azərbaycanlılar bir çox şəhərlərdə yaşayırlar, onlarla tez-tez əlaqə saxlamaq, ünsiyyət qurmaq elə də asan olmur. Lakin müxtəlif tədbirlərdə doğma həmvətənlərimizin bizi alqışlamağı, tədbirlərə qatılıb ölkəmizə, tədbir iştirakçılarına dəstək vermələri çox xoş olur. İnsan qərib yerdə özününküləri gördükdə daha sevincli, əmin olur. Mən bunu bir musiqiçi kimi, səhnə adamı kimi öz təcrübəmdən, çıxış etdiyim tədbirlərdə yaşadığım hisslərlə deyə bilərəm. Bu cür məqamlarda insan üçün hər bir həmvətəni doğma, əziz, əvəzolunmaz sayılır. Xaricdə yaşayan azərbaycanlıların həmrəyliyinin güclənməsində Diasporla İş üzrə Dövlət Komitəsinin rolu əvəzolunmazdır”.

 

Gənc musiqiçi Azərbaycan bayrağının hər zaman ən ali kürsülərə qaldırılması üçün çalışdıqlarını qeyd edib:

 

“Ümid edirəm ki, bundan sonra da bir-birimizi bacardığımız qədər həm ölkəmizdə, həm də xaricdə dəstəkləyəcək və Azərbaycanımızın adının hər zaman uca məqamlarda çəkilməyində töhfələrimizi verməyə davam edəcəyik. Mən bir musiqiçi kimi buna söz verirəm. Ən yüksək məqam iştirak etdiyim müsabiqələrdə qalib olduqdan sonra bayrağımızın qaldırılmasıdır. Arzum budur ki, bayrağımız hər zaman ən uca, ali məqamlarda dalğalansın və doğma azərbaycanlılarımız daim şanlı bayrağımız ətrafında birləşsinlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu