Modern.az

"Zamin Hacı və Xalid Kazımlının yazılarında pamflet elementləri var" - Ekspert

"Zamin Hacı və Xalid Kazımlının yazılarında pamflet elementləri var" - Ekspert

25 Yanvar 2013, 10:37

Yunan dilində hərfi tərcüməsi “yandırmaq“, “alovlandırmaq” olan pamflet janrı həm Azərbaycan, həm də dünya jurnalistika tarixində çox qədim tarixə malikdir. Antik yunan cəmiyyətində ritorika ilə məşğul olanlar fikirlərini məhz pamfletlə çatdırırlar. Sokratın “Mədhiyyə” əsəri buna misaldır. Avropada Conatan Svift, Daniel Defo, Mark Tven və digərlərinin yaradıcılığında bu janra rast gəlmək olar. Klassik mətbu irsimizdə “Molla Nəsrəddin”çi yazarların yaradıcılığında da buna rast gəlmək olar. Bəs hazırda mediamızda pamflet, xüsusən də siyasi pamflet necə inkişaf edir? Yaxud ümumiyyətlə bu janr modern mediamızda, mətbuatımızda varmı?

Modern.az jurnalistlər arasında sorğuda aparmaqla buna aydınlıq gətirməyə çalışıb.

Taleh Şahsuvarlı (Sosial İnformasiya Agentliyinin direktoru): “Pamflet janrı həm ədəbiyyat, həm də jurnalistikada tam olaraq ifşa üzərində qurulmuş bir janrdır. Hansısa siyasi xadimi, siyasi hərəkatı ifşa etmək məqsədilə istifadə olunur. Bu ifşanın özü də müəyyən kinayə, istehza ilə çatdırılır. Çox təəssüf ki, bu Azərbaycan mətbuatında o qədər də yaxşı inkişaf etməyib. Ola bilsin ki, cəmiyyət düşünərək gülməyi o qədər də yaxşı bacarmır. Zamin Hacının yazıları müəyyən mənada pamfletə yaxın gəlir. Ancaq o da keyfiyyət etibarilə məni qane etmir. Yazdıqlarında düşüncə tempi çox aşağıdır. Ola bilsin ki, söz oyunu və başqa üsullar və nə iləsə oxucunu özünə cəlb edə bilir. Amma yazıların ümumi fəlsəfi ağırlığı yoxdur. Məşhur aktyorlar Rafael və Cosqunun “stand-up”ları necə kütlə primitivliyinə hesablanıbsa, Zamin Hacının da yazdıqları o təsiri bağışlayır”.

Tahir Aydınoğlu (jurnalistika tədqiqatçısı, əməkdar jurnalist): “Pamflet – mənfi imici ilə tanınmış adamlar haqqında yazılmış portretlərdir. Bu janr ciddi və satirik tonun qarışığından ibarətdir. Azərbaycanda bədii vasitələrlə tərif və tənqid yox dərəcəsindədir. İnsanlar qəbul etmədiyi, bəyənmədiyi şəxslər barədə birbaşa ciddi üsullarla fikirlərini ifadə edirlər. İndi bizdə nə pamflet, nə də felyeton var. Nisbətən Zamin Hacı və Xalid Kazımlının yazılarında pamflet elementləri var. Yüksək mövqeli məmurlara satirik tonla münasibət göstərilsə də bu pamflet səviyyəsinə çatmır. Bir məsəl var: “Mus”, “mus” deyincə, birdəfəlik “Mustafa” de”. Pamflet bir az “mus” deməyə oxşayır. Amma mən bizim mediada gözəl bədii formada yazılan pamfletləri çox görmək istəyirəm”.  

Zamin Hacı (“Yeni Müsavat” qəzetinin köşə yazarı): “Azərbaycanda peşəkar siyasi fəaliyyət də yox dərəcəsindədir. Hamıya elə gəlir ki, siyasi pamfleti yazmaq çox asandır. Yəni onun üçün məlum olan faktların göz qabağında olmasını düşünürlər. Amma bu mətin işlə məşğul olmaq çox ağırdır. Siyasətçiləri, siyasi durumu ifşa ilə məşğul olanlar çox azdır. Bu da onunla bağlıdır ki, satira çox kəskin bir silahdır və onunla məşğul olmaq çox qorxuludur. Dünya səviyyəli siyasi pamfleti Azərbaycanda demək olar ki, görmürəm. Mənim yazdıqlarım da pamflet deyil. Əgər haqqımda belə düşünürlərsə mən onlara minnətdaram. Mən 200-300 il bundan qabaq pamflet yazmış Conatan Svift və Mark Tvenin yazdıqlarının heç beş faizini də yazmamışam”.

Elmin Nuri
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi