Modern.az

Təhsil Nazirliyi rəsmisi ali məktəblərdə test imtahanlarına qarşı

Təhsil Nazirliyi rəsmisi ali məktəblərdə test imtahanlarına qarşı

Təhsil

25 Yanvar 2013, 10:43

Təhsil Nazirliyi: “Bizim ən böyük problemimiz odur ki, ali təhsilli  mütəxəssis öz düşündüyünü kağızda əks etdirməyə çətinlik çəkir”


Bir neçə ildir ki, ali məktəblərdə semestr imtahanlarının test üsulu ilə verilməsi tətbiq olunub. Tələbələr əsasən, texniki fənlərdən olan imtahanları testlə verirlər. Humanitar fənlərdə isə yazılı imtahanların verilməsinə üstünlük verilir. Ali təhsil ocaqlarında imtahanların vahid bir formada tətbiqi yox dərəcəsindədir.

Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin rəisi İlham Mustafayev test imtahanın əleyhinə olduğunu bildirib.

“Test tələbəyə biliyini tam aşkar etməyə imkan vermir. Avropada imtahanların əksəriyyəti yazılı formada verilir. Yazılı imtahan həm uşağın fikrini formalaşdırır, həm də fikri kağıza yazmaq imkanı yaradır. Ən böyük problemimiz odur ki, ali təhsilli mütəxəssis öz düşündüyünü kağızda əks etdirməyə çətinlik çəkir. Təkcə Azərbaycanda deyil, hətta Amerika kimi ölkədə də bu problem var. Xüsusən texniki profilli ixtisaslarda. Ona görə də yazı vərdişləri formalaşmalıdır. Yazı tələbədə yazmaq qabiliyyətini formalaşdırır. Biz yazılı imtahanın müşahidəsini aparmışıq. Birinci kursdakı tələbənin yazısı ilə həmin tələbənin 4-cü kursdakı yazısını müqayisə etdik. Gördük ki, tələbədə çox böyük inkişaf var”.

Nazirlik rəsmisi bildirib ki, ali məktəb imtahanlarının yazılı formada verilməsinə üstünlük verir: “İmtahanların yazılı formada verilməsinə üstünlük verirəm, amma sağlam mühit yarandığı halda şifahi də ola bilər”.

Ali məktəb imtahanlarının vahid bir formada verilməsinə gəldikdə nazirlik nümayəndəsi qeyd edib ki, imtahanların testlə verilməsi ləğv oluna bilməz: “Bununla bağlı qaydalar hazırlamışıq. Nazirlər Kabinetində də bu yaxınlarda təsdiq olunacaq”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov da hesab edir ki, semestr imtahanlarının  yazılı formada verilməsi özünü daha çox doğruldur: “Burada çoxlu şərtlər var, məsələn, texniki elm kimi fənlərdə imtahanların kompüterlə verilməsi özünü doğruldur, çünki orada texniki hesablamalar var və məntiq kifayət qədər üzdədir. Ona görə burada test özünü doğruldur, çünki test nəticə etibarilə kompüterə gəlib çıxır. Texniki fənlərdə testlə kifayət qədər uğurlu nəticə əldə etmək olur. Amma humanitar sahəyə gələndə burada çətinliklər çoxdur. Universitet səviyyəsində semestr imtahanlarında xeyli çətinliklər ortaya çıxır. Ona görə də mənim çalışdığım Bakı Dövlət Universitetində humanitar fənlər üzrə imtahanlar yazılı verilir və kifayət qədər də obyektivlik təmin oluna bilir”. 

N.Cəfərovun sözlərinə görə, humanitar sahə üzrə müsahibə forması daha vacibdir, yəni müəllimlə tələbə üz-üzə oturmalıdır və müəllim tələbənin cavabını eşitməlidir: “Deyək ki, dilçilikdən, tarixdən ədəbiyyatdan imtahan verirsən, orada bu və ya başqa bir şəkildə test özünü məqbul saya bilər. Məsələn, testi tərtib edən müəllim əsərin ideyasını bu cür görə bilər, amma tələbə ayrı cür görər. Bu mənada test özünü doğrultmur, xüsusən də fəlsəfədə. Müxtəlif cərəyanlar, müxtəlif düşüncə formaları var. Müəllim orada tələbənin fəlsəfi düşüncə mövqeyinə görə yox, səviyyəsinə görə qiymət verir, ola bilər ki, tələbə idealist deyil, materialistdir, materialist deyil, idealistdir”.

Deputat bildirib ki, imtahanın yazılı verilməsi daha məqsədəuyğundur: “Duzdur yazılı imtahan ağırdır, yazılı imtahan dünyanın təcrübəsidir. Hətta xarici universitetlərdə tələbə şüurlu olaraq köçürtmür. Heç onlara nəzarət edən də olmur”.

İmtahanların vahid bir qaydada verilməsi təklifinə gəlincə, N. Cəfərov qeyd edib ki, təkliflər həmişə hazırlanır: “ Həmişə də bu sahədə çox ciddi müzakirələr gedir. Hazırda da bu məsələ gündəmdədir. Təhsil Nazirliyi səviyyəsində də şuralar səviyyəsində də həmişə belə müzakirələr gedir. Çox dəyərli təkliflər də var. Bütün üsullar sınaqdan keçirilir. Bu təcrübələr getməlidir ki, təcrübə qazanılsın”.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı