Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova yenidən qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri seçilib. Bununla bağlı qərar qurumun qış sessiyası çərçivəsində kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin iclasında qəbul edilib.
Komitə iclasında, həmçinin, Sahibə Qafarovanın müəllifi olduğu «Əmək bazarında yaş ayrı-seçkiliyi problemi barədə» məruzəsi də müzakirə olunub. Məruzə haqqında ətraflı məlumat verən Alt komitənin sədri deyib ki, müəyyən yaş həddindən yuxarı olan insanlar Avropa əmək bazarında ayrıseçkiliklə qarşılaşırlar. Belə insanlar müəssisələrdə işçilərin ixtisarları zamanı ilk qurbanlara çevrilirlər. Yaş, karyera məsələsində, qulluq prosesində irəliləmə zamanı, həmçinin əmək şəraitində də vacib faktorlardan birini təşkil edir:
«İtaliyada aparılan araşdırmalardan belə məlum olur ki, yaşa görə ayrı-seçkilik cinsə görə ayrı-seçkilikdən daha geniş yayılıb. Böyük Britaniyada 2006-2007-ci illərdə məhkəmələrə yaş diskriminasiyasına dair daxil olan 972 şikayət ərizəsinin sayı 2008-2009-cu illərdə 4000-dək artıb. Bu rəqəmlər yaşa görə ayrı-seçkiliyinin nə dərəcədə ciddi bir problem kimi qaldığını ortaya qoyur».