“İsmayıllıdakı hadisə ilə bağlı hələlik rəsmi mövqeyimiz yoxdur. Amma icraçı tərəfdaşlarımız Binə Ticarət Mərkəzindəki aksiya zamanı həbs olunmuş şəxslərlə görüşüblər”.
Bunu Modern.az-a ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov bildirib.
İsmayıllıda baş verən proseslərə də münasibət bildirən mətbuat katibi qeyd edib ki, Bakı Ofisinin birbaşa müşahidə aparmaq imkanları yoxdur.
“ATƏT-in Bakı Ofisi olaraq orada cərəyan edən hadisələri diqqətlə izləyirik. Ancaq birbaşa müşahidə aparmaq imkanımız olmadığı üçün bununla bağlı konkret nəsə deyə bilmirik. Bircə onu deyə bilərəm ki, biz hadisələri diqqət mərkəzində saxlayırıq”.
Xatırladaq ki, yanvarın 19-da “Binə” Ticarət Mərkəzinin bir qrup sahibkarı kassa aparatına və onlardan əlavə yerpulu alındığına görə aksiya keçirib. Bununla bağlı 10 nəfər saxlanılıb və Səbail rayon Məhkəməsinin qərarı ilə onlar haqqında 2 aylıq həbs-qəti imkan tədbiri seçilib. Hazırda həmin şəxslər Kürdəxanı təcridxanasındadırlar.
Eyni zamanda İsmayıllıda baş vermiş iğtişaşlarla bağlı xeyli sayda adam həbs edilib. Onların dəqiq sayı hələlik məlum deyil.
Aqşin Kərimov