Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın təqdim etdiyi sülh təkliflərinə cavab verib. Ötən gün Ermənistan XİN-dən bildirilib ki, rəsmi İrəvan BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib.
Ermənistanın Bakıya ünvanladığı cavab İrəvanın destruktiv mövqeyini nümayiş etdirir. Bu, ondan xəbər verir ki, İrəvan 30 illik fəaliyyəti dövründə heç bir iş görməyi bacarmayan Minsk qrupunu yenidən gündəmə gətirməyə çalışır. Hansı ki, bu gün Minsk qrupunu təmsil edən ölkələr öz aralarında siyasi münaqişə yaşayırlar.
Həmsədr dövlətlər Rusiya, ABŞ və Fransanın münasibətlərində Ukraynada gedən müharibə səbəbindən gərginlik müşahidə olunur. İndiki situasiyada Minsk qrupunun mənzərəsi təxminən belədir: bir tərəfdə Moskva, digər tərəfdə Rusiyanı sanksiya atəşinə tutan ABŞ və Fransa...
Belə bir vaxtda məsələyə həmsədrlərin daxil olmasını istəmək məntiqəuyğundurmu?
Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, İrəvanın təklifi qəbuledilməzdir:
“Minsk qrupu o zaman iki dövlətin razılığı ilə yaradımış sülhyaratma prosesinə rəhbərlik edən qurum idi. Azərbaycan razı olmasaydı, bu qurum yaranmayacaqdı. İndi vəziyyət tamamilə fərqlidir. Vəziyyət kökündən dəyişib. Minsk qrupunun konsepsiyasına daxil olan bütün məsələlər öz həllini tapıb”.
Onun sözlərinə görə, ermənilər bununla sülh prosesini yubandırmağa çalışırlar: "Onların dərdi Qarabağın dağlıq hissəsindəki ermənilərdir. Bu məsələ Azərbaycan tərəfindən həll edilir. İstəsələr vətəndaşlığımızı qəbul edib, cəmiyyətə inteqrasiya oluna bilərlər".
Politoloq onu da qeyd edib ki, İrəvanın Azərbaycanın təkliflərinə verdiyi cavab Ermənistan hakimiyyətinin hansı mövqedən çıxış etməsini göstərir. Rəsmi Bakı öz siyasətini buna uyğun davam etdirməlidir:
“Ermənilər bununla dəhlizin açılması prosesini yubandırdılar, biz də İranla razılaşıb, daha əlverişli şəkildə məsələni həll etdik. Başqa prosesləri uzadacaqlar, yenə də onlar itirəcəklər. Düşünürəm ki, İrəvanın cavabı da, danışıqları da tamamilə əsassızdır”.
“Digər yandan məlumdur ki, həmsədrlərin bir araya gəlməsi üçün obyektiv şərait yoxdur. Ağır müharibə gedir. Müharibə Avropanı ikiyə bölüb. Əsas məsələ ondan ibarətdir ki, Minsk qrupunun görəcəyi işlər Azərbaycan ordusu tərəfindən yerinə yetirilib”, - deyə politoloq həmsədrlərə artıq ehtiyac olmadığını diqqətə çatdırıb.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva rəsmi Bakının Ermənistana təqdim etdiyi 5 bənddən ibarət sülh təkliflərinə aydınlıq gətirib. Onun sözlərinə görə, burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub.
Həmin təkliflər aşağıdakılardır:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.