Modern.az

Azay Quliyev hesabat verib

Azay Quliyev hesabat verib

Təhsil

25 Yanvar 2013, 16:36

Yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2012-ci ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirilib.

Tədbirdə çıxış edən Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun ötənildəki fəaliyyətinin yekunlarını şərh edərək il ərzində QHT sektorunun inkişafı istiqamətində görülmüş işlərin ictimai əhəmiyyətini və aktuallığını vurğulayıb.
O, bildirib ki, keçən il Şuranın dəstəyi ilə 348 layihə həyata keçirilib. Şuranın layihələr üçün ayırdığı vəsaitin ümumi büdcəsi isə 2 milyon manatdan artıq olub. Bundan əlavə, keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkilində QHT-lərə yardım üçün bir neçə istiqamət üzrə peşəkar səviyyədə işin getdiyini qeyd edən sədr öz tövsiyələrini də səsləndirib.

2013-cü ildə nəzərdə tutulan işlər haqqında danışan Azay Quliyev Prezident İlham Əliyevin cari ili Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etdiyinə görə QHT-lərin bu istiqamətdə təkliflər verməsinin vacibliyini vurğulayıb.
Konfransda Şuranın il ərzində QHT sektorunun inkişafı istiqamətində yerinə yetirdiyi işlər, maliyyələşdirilmiş layihələr, əldə edilmiş nəticələr barədə müzakirələr aparılıb.

Tədbir çərçivəsində Şuranın 2012-ci ildə maliyyələşdirdiyi layihələrdən bəhs edən yeni tərtib olunmuş kitabın təqdimatı keçirilib.

***
QHT Şurasının sədri Azay Quliyev jurnalistlərə bildirib ki, Azərbaycanda QHT-lərin maliyyə hesabatları ilə bağlı prosedur sadələşdirilməlidir.
"Biz Maliyyə Nazirliyinə bir neçə təklif ünvanlamışıq. Birinci təklif budur ki, maliyyə hesabatı formaları sadələşdirilsin. İkincisi, ümumiyyətlə illik maliyyə dövriyyəsi 10 min manatadək olan QHT-lər maliyyə hesabatı verməkdən azad olunsun, çünki bu, çox kiçik rəqəmdir və buna görə bu qədər sənədlərin təqdim olunmasına ehtiyac yoxdur. Bundan əlavə, maliyyə hesabatlarının təqdim olunması zamanı QHT-lərin illik maliyyə dövriyyəsinə görə təsnifatlandırılması, eləcə də hesabatların elektron qaydada verilməsinə dair təkliflər vermişik. Bütövlükdə Maliyyə Nazirlyinin bununla bağlı mövqeyi müsbətdir. Bununla bağlı yaxın aylarda rəsmi qərar olacaq"

A.Quliyev deyib ki, QHT-lərin qeydiyyat məsələsinə də yenidən baxmaq, proseduru bir az da sadələşdirmək olar.

Anar Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı