Ötən gün Xəzər rayonunun Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsinin təfərrüatları məlum olub.
Xəzər Rayon Prokurorluğundan Modern.az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə qətl hadisəsinin “Ümid yeri” adlı sığınacaqda baş verməsi barədə məlumat yayılıb.
Modern.az saytının əməkdaşı müəssisənin rəhbəri Nigar Mənsimova ilə əlaqə saxlayaraq, məlumatı dəqiqləşdirib. O hadisənin sığınacaqda deyil, qarşıdakı küçədə baş verdiyini bildirib.
N. Mənsimova əri tərəfindən öldürülən qadının 3 uşaq anası olduğunu, bir müddət əvvəl “Ümid yeri”nə yerləşmək üçün müraicət etdiyini söyləyib:
“Ülviyyə Həsənova 3 övladı ilə evdən acıq edib bizim sığınacağa gəlmişdi. Uşaqları ilə birgə iki gün “Ümid yeri” sığınacağında qalıb. Dünən qadının qohum-əqrabası gəlmişdi, onlar Ülviyyə ilə həyat yoldaşı Saməddin Həsənovu barışdırıblar. Saməddin qızlarının hərəsinə 5 manat verdi ki, “bunu ananıza verin, nə istəyirsizsə sizin üçün alsın, mən də axşam gəlib sizi aparacam”.
Dünən axşam saat 8-9 radələrində, sığınacağın darvazasının qarşısında söhbət ediblər, sonra qətl hadisəsi baş verib. Hadisənin nədən baş verdiyini bilmirik. Biz hadisədən xəbərdar olan kimi polisə və təcili tibbi yardıma müraciət etdik”.
Qeyd edək ki, qətl baş verən zaman mərhumun uşaqları sığınacaqda olublar.
Fatma Abdulla