Modern.az

O “DAĞLAR” ermənilərin yox, BİZİMDİ...

O “DAĞLAR” ermənilərin yox, BİZİMDİ...

15 Mart 2022, 09:56

Erməni separatçıları indiyədək Azərbaycan torpaqlarında tarixi saxtalaşdırmaq üçün müxtəlif yollara əl atıblar. Onlar işğal dövründə Azərbaycana məxsus abidə və tikililərə ağlagəlməz dəyişikliklər edərək, erməni tarixi barədə saxta obraz yaratmağa çalışıblar. Belə nümunələrdən biri də Qarabağda - Xankəndi şəhəri yaxınlığında yerləşən “Biz və bizim dağlar” adlı abidəni göstərmək olar.

Tarixə nəzər salsaq görərik ki, “Biz və bizim dağlar” monumental abidəsinin açılışı 1967-ci ildə baş tutub. Xankəndi yaxınlığında, Əsgəran rayonu ərazisində yerləşən abidənin müəllifi erməni mənşəli heykəltəraş Sarkis Baqdasaryan olub. Lakin bu fakt məlum abidənin ermənilərin tarix nümunəsi kimi təqdim olunmasına əsas vermir. Əvvəla ona görə ki, həmin vaxt Xocavənd sakini olan Sarkis Baqdasaryan Azərbaycan vətəndaşı idi, abidə də Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına və ən əsası da Azərbaycan ərazisində ucaldılıb. Bu mənada “Biz və bizim dağlar” abidəsi ermənilərin yox, məhz Azərbaycan mədəni sərvəti sayılır və sayılmalıdır.

Lakin biz görürük ki, ermənilər öz aralarında “Nənə-baba” adlandırdıqları bu tikilini “Böyük Ermənistan” xülyasının və “Miatsum” sərsəmləməsinin simvolu kimi sırımağa çalışırlar. Abidənin hazırlanması ərəfəsində onun ilk adı “Nənə və baba” olub. Həmin dövrdə Azərbaycan hökuməti buna etiraz edib. Bakının narazılığa baxmayaraq, ermənilər Moskvada özlərinə havadar taparaq, öz mənfur niyyətlərini reallaşdırmaq istəyiblər. Lakin onların planı nəticə verməyib. Beləcə, abidənin adını “Nənə və baba” kimi saxlamaq mümkün olmayıb. Moskvada niyə belə adın qoyulması sualına ermənilər tutarlı cavab verə bilməyiblər. Onlar “Biz və bizim dağlar” adının qoyulmasına gəlincə, bunu belə əsaslandırıblar ki, Qarabağ uzunömürlülər məkanı olduğundan bu abidə yaşlı insanlara həsr olunur. Əslində millətçi ermənilər bu addımla guya Qarabağın onlara məxsus olduğunu tarixə sırımağa çalışıblar.

Bəs, Xankəndidəki bu abidənin tarixi mənası varmı?

Bu barədə Modern.az-a danışan İrəvan Türk Cümhuriyyətinin başqanı, ermənişünas alim Qafar Çaxmaqlı tikilinin heç bir dini, tarixi əsası olmadığını söyləyib. O qeyd edib ki, “Miatsum” ermənicə “birləşmə” deməkdir:

“Bu, erməni ideoloji hərəkatıdır. Ermənilər belə hesab edirlər ki, uzun illər bir-birilərindən ayrı düşüblər. Birləşib, bir dövlət halında dünyaya sırımaq üçün ideoloji fikir, düşüncə sistemində yer almasını təmin etmək istəyirlər. “Miatsum”a ermənilər ideoloji olaraq baxırlar. Bu ideologiyanı yerinə yetirmək üçün 100-150 ildir, ayrı-ayrı ölkələrdə fəaliyyətləri mövcuddur. Bunu müxtəlif yerlərdə həyata keçirmək üçün siyasi təşkilatlar, terror qrupları yaradırlar. Guya “dənizdən dənizə böyük Ermənistan”ı birləşdirmək “Miatsum”dan keçir.

Keçən əsrin sonlarında Azərbaycanda erməni terrorçuların və erməni silahlı radikal dəstələrinin, xüsusilə Daşnak partiyasına bağlı qruplaşmaların bu ideya adı altında Azərbaycanı Ermənistana birləşdirmək hərəkatı başlanmışdı. Bunun adını “Miatsum”qoymuşdular. O vaxt bu işə Qarabağ komitəsi adlı qurum rəhbərlik edirdi və həmin komitə ermənilərdən ibarət idi. Ermənilərin bu ideyası iflasa uğradı. Buna qədər isə ideologiyanı həyata keçirmək üçün müxtəlif üsullardan istifadə edirdilər. Həmin heykəl də ideologiyanın ortaya qoyduğu saxta simvoldur”.

Qafar Çaxmaqlı deyib ki, ermənilərin bu tikilini məhz Xankəndidə yerləşdirməsi dünyaya öz dırnaqarası qədimiliklərini göstərmək niyyəti daşıyır:

“Orada iki daşdan ibarət bir şey var. Ermənilərin guya qədimliyini, bu torpaqlarda qədimdən yaşadığını anladan simvola çevirmək istəyirlər. Bununla dünyanın müxtəlif yerlərində yaşayan erməniləri, Ermənistan ermənilərini və Qafqazda məskunlaşmış erməniləri birləşdirə biləcəklərini iddia edirdilər. Belə bir heykəlin ortaya çıxması onların bu xülyasından yarandı. O tikilinin heç bir mənası yoxdur. Ermənilər xristian dininə, tarixə və s. bağlamaq istəsələr də “Miatsum” yanaşı qoyulmuş iki daş parçasından başqa heç nəyi ifadə etmədi. Üstəlik, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfər bütün dünyaya bir daha torpaqların əsl sahibinin məhz Azərbaycan olduğunu göstərdi”.

Xatırladaq ki, "Biz və bizim dağlar" abidəsi dəfələrlə qalmaqallara səbəb olub. Belə ki, 2018-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən festivalda Azərbaycan pavilyonu "Biz və bizim dağlar" abidəsi formasında tərtib olunanda ermənilər böyük hay-küy qaldırmış, onun erməni mədəni sərvəti olduğunu iddia edərək, beynəlxalq təşkilatlara şikayət ünvanlamışdılar. Amma şikayətləri nəticəsiz qalmışdı.

 



Hələ 2009-cu ildə də sözügedən abidə ilə bağlı qalmaqal yaşanmışdı. Buna Azərbaycan ərazisindəki həmin abidənin təsvirinin erməni ifaçılarının reklam çarxına daxil edilməsi səbəb olmuşdu. Azərbaycan XİN-in etirazından sonra “Eurovision”un təşkilat komitəsi ermənilərin bu hərəkətini siyasi addım hesab etmiş və “Biz və bizim dağlar” abidəsinin görüntüsünü Ermənistan mahnısının reklam çarxından çıxarmışdı. Rəsmi Bakı bununla da qarşı tərəfə abidənin Azərbaycanın incəsənət nümunələri sırasına daxil olduğunu qəbul etdirmişdi.

Deputat Aydın Mirəzadə mediaya açıqlamasında məlum tikilinin ermənilərə yox, məhz Azərbaycana aid olduğunu bildirmişdi:

“Abidə qısa zamanda həm yerli əhali, həm də Azərbaycan cəmiyyəti tərəfindən sevilib. Hazırda Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi sayılır. Abidənin erməni əsilli heykəltəraş tərəfindən yaradılması onu avtomatik olaraq Ermənistanın mədəni sərvəti etmir. Abidə Azərbaycan Respublikasının büdcəsi hesabına, Azərbaycan ərazisində yaradılıb, ona görə də Azərbaycan mədəni sərvəti sayılır".

Deputatın sözlərinə görə, istənilən mədəniyyət abidəsi ərazisində yaradıldığı ölkənin sərvəti hesab edilir. O vurğulayıb ki, bu prinsip bütün dünyada qəbul edilir və heç bir mübahisə doğurmur.


Bəzi məlumatlara görə, sovet dövründə “Biz və bizim dağlar” abidəsi o qədər də baxımlı vəziyyətdə olmayıb. Yalnız 80-ci illərin sonlarında Ermənistanın himayə etdiyi separatçılar Qarabağda qondarma rejim yaratdıqlarını elan edəndə “Biz və bizim dağlar” abidəsi yadlarına düşüb, onu dünyaya erməni mədəni sərvəti kimi tanıtmağa çalışıblar. Hətta 2013-cü ilin sentyabrında Moskva şəhərində yaşayan erməni iş adamı Karen Avaqumyanın maddi vəsaiti hesabına abidəni yenidən qurublar. Lakin istənilən halda, sözügedən tikili erməni iş adamının vəsaiti hesabına yenidən qurulsa belə, bu, “Biz və bizim dağlar”ın ermənilərə məxsus olması anlamına gələ bilməz.

Səbəbi çox sadədir: Azərbaycanın ərazisində öz vəsaitimiz hesabında tikilən istənilən abidə hansı mənanı kəbs etməsindən asılı olmayaraq, yalnız bizə məxsusdur və mədəni sərvətlərimizin bir hissəsidir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi