Modern.az

Musa Quliyev Gəncənin problemlərindən DANIŞDI

Musa Quliyev Gəncənin problemlərindən DANIŞDI

Parlament

15 Mart 2022, 12:42

"Prezident İlham Əliyevin daxili siyasətində əhalinin sosial müdafiəsinin təmin olunması, sosial ədalət, sosial rifah, həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyil ki, hazırda bizim dövlət büdcəmizin 46,6%-i sosial xərclərin payına düşür. Bu baxımdan hökumətimizin ötən ilki fəaliyyətini qənaətbəxş hesab edirəm".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin iclasında hökumətin 2021-ci ildə görülən işlər haqqında hesabatının müzakirəsi zamanı deyib.

 

Komitə sədri bildirib ki, postmüharibə və Kkronavirus pandemiyası ilə mübarizə dövründə qarşıya qoyulan bütün prioritet hədəflərə nail olunub:

 

"Dünya maliyyə-iqtisadi böhranı, pandemiyanın törətdiyi məhdudiyyət və çətinliklərə baxmayaraq ölkəmizdə makroiqtisadi sabitlik təmin olunmuş Azərbaycan iqtisadiyyatının inkişaf meyllərini və tempini saxlamaq mümkün olmuşdur. 2021-ci ildə Ümumdaxili məhsul yüksəlmiş, orta aylıq əmək haqqı, pensiya, müavinət və digər sosial ödənişlərin məbləği artırılmış, əhalinin sosial rifahının qorunması və sosial müdafiəsini təmin etmək üçün kompleks tədbirlər həyata keçirilmişdir. Postmüharibə dövründə görülən sosial müdafiə tədbirlərini də müsbət qiymətləndirirəm. Postmüharibə dövründə müharibə zamanı fiziki, psixoloji və maddi zərər çəkmiş 45 000 şəxs 50 000 sosial dəstək tədbiri ilə əhatə olub, o cümlədən 3021 şəhidin 7942 ailə üzvünə 15 841 sosial ödəniş təyin edilmiş, 3000-dək şəhid ailəsi və qazi mənzillərlə təmin olunmuş, 164 nəfər müharibə əlilinə minik avtomobil verilib.

 

Hesabat ilində 8700 nəfər əlilliyi olan şəxs, o cümlədən, 1200 nəfər müharibə əlili 48 min ədəd reabilitasiya vasitələri ilə təmin edilib. Ötən il uğurla həyata keçirilən “Məşğulluq Marafonu” çərçivəsində 1418 nəfər şəhid ailəsi və qazi işlə təmin olunub. Bu qəbildən olan şəxslərin içərisindən 5 930 nəfər özünüməşğulluq proqramina cəlb edilmişdir. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış “Yaşat Fondu” da postmüharibə dövründə aktiv sosial dəstək proqramları həyata keçirib. Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST konsepsiyası uğurla fəaliyyət göstərməkdə və genişlənməkdə davam edir. Ötən il Bakı şəhəri və Abşeron rayonu üzrə fəaliyyət göstərən 5 DOST mərkəzi 2,1 milyon vətəndaşa sosial xidmət göstərib, məmnunluq göstəricisi 98% olub. İşğaldan azad edilib rayonlarımızın əhalisinə xidmət göstərmək məqsədi ilə “Zəngəzur və Qarabağ DOST” proqramı hazırlanıb və bu il Şuşa şəhərində ilk DOST mərkəzinin açılması nəzərdə tutulur.

 

COVID-19 pandemiyasının sosial-iqtisadi sahədə törətdiyi neqativ təsirlərin, o cümlədən dünya bazarlarında ərzağın və digər çox işlənən malların, xidmətlərin bahalaşması ilə əlaqədar inflyasıyanın minimuma endirilməsi üçün kompleks tədbirlər həyata keçirilib. Ötən il səhiyyə, təhsil, mədəniyyət, turizm sahəsində bir sıra uğurlu layihələrin həyata keçirilməsi də qeyd olunmalıdır. İcbari Tibbi Sığorta daha geniş və uğurlu şəkildə tətbiq olunmaqla ölkəmizin bütün ərazilərini və vətəndaşlarını əhatə edib".

 

Deputatın sözlərinə görə, hesabat dövründə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinə vətəndaşlarımızdan 1525 müraciət, o cümlədən 1370 şikayət ərizəsi daxil olub:

 

"Komitənin profili üzrə daxil olan şikayətlərin 36%-i əlillik təyinatı ilə, 22%-i işsizliklə, 17%-I pensiya təminatı ilə, 13%-i Ünvanlı Dövlət Sosial yardım, 8%-I mənzil təminatındakı çətinliklərlə bağlı olub. Bahalaşmanın törətdiyi sosial çətinliklər, işsizlik, təhsil haqqının ödənilməsi, dərman vasitələrinin keyfiyyəti və bahalılığı, bəzi tibbi xidmətlərin bahalı olması, xüsusi ilə onkoloji yardım, orqan köçürülməsi, sonsuzluğun müalicəsi, autizm və s. tibbi-sosial xidmətlərə əlçatanlıq imkanlarının məhdudluğu kimi məsələlərin vətəndaş müraciətlərinin əsasını təşkil etdiyini də hörmətli hökumət üzvlərinin nəzərinə çatdırmaq istəyirəm.

 

Hökumətin fəaliyyətinin prioritet istiqamətinin rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması, koronavirus pandemiyası ilə mübarizə, postmüharibə dövrünün çağırışları, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi, sosial, mədəni inkişafın təmin olunması məsələləri olduğunu başa düşürük və dəstəkləyirik.

 

Bununla yanaşı, seçicilərimizin bizim qarşımızda qaldırdığı məsələlərin də hökumətin diqqətinə çatdırılması hər bir deputatın vəzifə borcudur. Mənə verilən imkandan istifadə edərək seçildiyim Gəncə şəhərinin bir sıra çox vacib sosial-iqtisadi problemlərini də diqqətinizə çatdırmaq istəyirəm. Düşünürəm ki, Gəncədən seçilmiş digər deputat həmkarlarımın da fikrini ifadə etmiş olaram".

 

M.Quliyev ölkəmizin ikinci böyük şəhəri olan Gəncənin ən əsas probleminin işsizliklə bağlı olduğunu diqqətə çatdırıb:

 

"Gəncədə hər il 3,5 - 4 min yeni iş yerinin yaradılmasına ehtiyac var. Xüsusi ilə gənclərin və qadınların işsizliyinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini xahiş edirəm. Bu məqsədlə, Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində polad istehsalı kompleksinin yaradılması; “Azəralüminium” MMC-nin illik istehsal gücünün 100 min tona çatdırılmasının təmin olunması; Kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması; “AzərXalça” ASC-nin Gəncə filialının tikintisinə başlanılması; Şəhərdə Sənaye parklarının, məhəllələrin, klasterlərin yaradılması faydalı olardı.

 

Gəncədə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edilən 5400-ə yaxın fərdi yaşayış evinin sənədləşdirilməsi də seçicilərimizi narahat edən həlli vacib problemdir. Gəncənin digər problemi Kommunal xidmətlərin və sosial infrastrukturun yaxşılaşdırılması ilə bağlıdır. Gəncənin Məhsəti, Cavad xan, Şıxzamanlı, Natəvan qəsəbələri, Avtozavod, Gülüstan, Qaraməmmədli yaşayış massivlərində 1100-ə yaxın ailənin yaşadığı ərazilərin qazlaşdırılması; bu qəsəbələrdə elektrik enerjisi ilə təmin olunmamış yeni inşa edilmiş fərdi yaşayış evlərinin elektrik enerjisi ilə təchizatı; Cavad xan, Məhsəti, Şıxzamanlı, Sadıllı qəsəbələrində yeni salınmış yaşayış massivlərində içməli su təminatı və kanalizasiya şəbəkəsinin qurulması seçicilərimizi narahat edən həlli vacib məsələlərdir. Gəncədə 12 məktəbin, 33 uşaq bağçasının əsaslı təmirə ehtiyacı var, onlardan 5-i qəzalı vəziyyətdədir.

 

“Gəncə Şəhər Birləşmiş Xəstəxana” publik hüquqi şəxsin tabeliyində olan 4 xəstəxananın, 8 Ailə Sağlamlıq Mərkəzinin, Səhiyyə Nazirliyinin tabeliyində olan 1 xəstəxana və 2 dispanserin əsaslı təmiri, yenidən qurulması və tibbi avadanlıqlarla təchiz olunması kimi məsələləri diqqət mərkəzində saxlamağı hökumətimizin müvafiq qurumlarından xahiş edirəm. Mən hökumətimizin 2021-ci ildəki fəaliyyətini qənaətbəxş hesab edir, hökumətimizə bu mürəkkəb və məsuliyyətli dövrdə uğurlar arzulayır, inanıram ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə biz qısa müddət ərzində qarşıya qoyulan bütün məsələlərin həllinə nail olacağıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi