Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə Qarabağdakı vəziyyəti və gərginliyin artması ilə bağlı müzakirələr aparıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib
Tərəflər Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər. Paşinyan Qarabağla bağlı Brüssel və Soçidə keçirilən üçtərəfli görüşlərdə əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.
“Tərəflər Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə hərtərəfli həllinin zəruriliyini vurğulayıblar”, - hökumətin açıqlamasında deyilir.
Klaar öz növbəsində qeyd edib ki, Aİ Ermənistanla tərəfdaşlığa önəm verir və ölkənin demokratik islahatlarına yardım etməyə hazır olduğunu təsdiqləyir.