Modern.az

Ukraynadan təxliyə edilən şəhid ailəsi: “Xilas olacağımıza inanmırdıq”

Ukraynadan təxliyə edilən şəhid ailəsi: “Xilas olacağımıza inanmırdıq”

16 Mart 2022, 09:54

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir. İndiyədək 7500 həmvətənimiz təhlükəli zonadan uzaqlaşdırılıb.

 

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyilə ölkəmizə yenicə təxliyə olunanlardan biri də 44 günlük Vətən müharibəsi şəhidinin ailə üzvü Zərifə Muxtarovadır.

 

Ukraynadakı hadisələr fonunda ağır günləri geridə qoyan Zərifə xanım ölkəyə qayıdışı ilə bağlı Modern.az-a danışıb.

 

O, Ukraynaya müharibədən 5 gün əvvəl həyat yoldaşı ilə birgə getdiyini bildirib:

 

 

 

“Mənim kiçik qardaşım orada yaşayır. Tez-tez onları ziyarətə, həm də istirahətə gedirdik. Ukraynaya gedişimizin 5-ci günü idi ki, müharibə başladı.

Bizimlə birgə Xarkovdan bir ailə var idi. Onlar Balakəndən olan avarlar idi, özləri də orada daimi sakin idilər. Biz onlarla bərabər xilas olunduq. Onların qızları Xarkovda təhsil aldığı üçün ölkəni ən axırda tərk etdilər. Universiteti atmalı oldular. Ancaq sənədlərini götürüb çıxdılar. Ev-eşik qaldı. Biz həmin ailə ilə Moldova sərhəddində birləşdik.

 

Çətin günlər idi. Düzü, müharibə başlayanda xilas olacağımıza inanmırdıq. Amma çox sağ olsun, Diasporla iş üzrə Dövlət Komitəsinin Moldovaya ezam edilmiş əməkdaşları. Onların bizə göstərdiyi dəstəyin, köməyin əvəzini heç nə ilə ödəyə bilmərik. Həmçinin Moldovadakı səfir Qüdsi Osmanov. Komitə əməkdaşları bizim orada təhlükəsizliyimizin təmin olunmasında çox çalışdılar. Bizi hərbi hissəyə yerləşdirdilər. Çöllərdə donub ölürdük. Bizi isti yerə yerləşdirdilər, yeməklə təmin etdilər. Hətta oradakı deputatlar hər gün bizimlə maraqlanırdılar.

 

Biz yaxşı vəziyyətdəyik. Amma orada o qədər uşaqlı qadınlar var idi, mən deyirdim bunun üstəsindən bizim millət gələ bilməyəcək. Mən təəssüf edirdim ki, çox çətinliklə Azərbaycana qayıda bilərik. Çünki orada əhalinin sayı çox idi. Şükür yaradana nə gözəl xilas etdilər həmvətənlərimizi. İndi orada çox az adam qalıb. Əvvəlcə qadınlar və uşaqlar, daha sonra kişilər təxliyə edildi. Cənab Prezidentimiz sağ olsun, çox çətin vəziyyətdən məhz onun tapşırğı ilə xilas edildik”.

 

 

Z. Muxtarova bildirib ki, Azərbaycana qayıtdıqda onları Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qarşılayıb:

 

“Təşkilatçılıq çox yüksək səviyyədə idi. Bakıda da bizim xiləskarlarımız onlar oldu. Fövqəladə hallar işçilərindən birinin adını xatırlayıram, Cavid idi. Uşaqları qucaqlarında, qocaları arabalarda daşıyırdılar”.

 

Hazırda Gəncədə öz evində olduğunu bildirən Zərifə xanım müharibənin qan-qadasını çox yaxşı bildiyini deyib:

 

“Mən indi Gəncədəyəm. 42 ildir, bu şəhərdə yaşayıram. Yoldaşım da burada polis işçisi olub.

Biz illərdir müharibə yaşamış, ölüm-itim görmüş adamlarıq. Mənim qaynımın oğlu Sərxan Muxtarov 44 günlük Vətən müharibəsində şəhid olub.

 

Biz bir evdə yaşayırıq. Sərxanın anası Çimnaz xanımla bir böyütmüşdük Sərxanı. Biz oğlanlarımızı da bir evin içində qardaş kimi böyütmüşdük. Öləndə də bir öldülər. Sərxan bir nəfər əsgəri itkiyə vermədi. Müharibədən sağ-salamat qayıtdı. Müharibədən üç gün sonra qayıdanda minaya düşüb dünyasını dəyişdi. Qeyrətli oğlanlardan idi. Mənim oğlum Asim Muxtarovla onlar bağçaya da bir getmişdilər. Bir evin içində böyümüşdülər, bir qabdan çörək yemişdilər. Oğlum Asim Sərxanın dəfn günü onun ölümünə dözmədi, ürəyi partdalayıb öldü. Onu da onun yanına basdırdıq. 7 və 40 mərasimləri də bir yerdə oldu. İkisi bir xasiyyətdə idilər. Asimin 39, Sərxanın 32 yaşı var idi. Şükür həmd olsun, yaradana ki, bizim torpaqlarımız ayaq altında qalmadı. Balalarımızı itkiyə versək də, biz öz torpaqlarımızı qaytardıq. Müharibədə qalib gəldik. Biz çox mərd analarıq ki, şükürlər olsun elə oğlanlar böyütdük. İndi deyirik, prezidentimiz sağ olsun, şəhidlərimizə Allah rəhmət etsin».

 

Qaynımın o biri oğlu yenə də, hərbçidir. Qardaşı vəfat edəndə Kəlbəcərdə - Murovda idi. Dəfn üçün gəldi. Cənazənin başı üzərində dedi ki, ya bu getməli idi, ya mən getməliydim. İkimiz də hərbçi idik. İkimiz də vətənə qurban olmalıydıq da. Mənim də bir oğlum, bir qızım qalıb. Vətən sağ olsun, cənab Prezidentin canı sağ olsun. Qoy, bayrağımız dalğalansın".

 

 

Qeyd edək ki, Sərxan Muxtarov 2009-cu ildə "Motoatıcı” ixtisası üzrə ali hərbi təhsilini aldıqdan sonra leytenant ilkin hərbi zabit rütbəsi alıb.

 

Vətən müharibəsi dövründə mayor Sərxan Muxtarov Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin tərkibində Ağcabədi, Ağdam, Qazax, Qubadlı və Sərhəd Qoşunlarında hərbi xidmətdə olub.

 

Azərbaycan Ordusunun mayoru olan Sərxan Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

 

Vətən müharibəsi bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri Sərxan Muxtarov 12 yanvar 2021-ci ildə həmin yerdə vəzifə başında minaya düşərək şəhid olub. Sürücüsü əsgər Məcid Səfərov isə həmin hadisədə ağır yaralanmış və xəstəxanaya yerləşdirilib.

 

Sərxan Muxtarov Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq-mühafizə orqanlarının rəhbərləri, digər rəsmilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. N.Bayramov şəhid Sərxan Muxtarovun atasına üç rəngli dövlət bayrağını təqdim edib.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Muxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?