“Ermənistanın baş naziri Nikol Paşinyan yenidən ora-bura zəng vurub şikayət etməyə başlayıb ki, Azərbaycan Ermənistanı sülh müqaviləsi bağlamağa məcbur edir... Dünən də ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək, Paşinyanın “Minsk prosesi”ni davam etdirmək ideyasını dəstəkləyib...”.
Modern.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın dövlət katibi Blinkenin Azərbaycanın dövlət başçısına zəng vurmasına münasibət bildirərkən deyib.
“Bəs Blinken Paşinyanın “Minsk prosesi”ni davam etdirmək ideyasını niyə dəstəkləyir” sualına T.Zülfüqarov belə cavab verib:
“Cavab sadədir - həm onlar, həm də Rusiya üçün nəticə deyil, münaqişə prosesi önəmlidir. Eyni məntiq Ukrayna hadisələri üçün də keçərlidir”.
Eks-nazirin sözlərinə görə, Vaşinqtona Azərbaycan prezidentinin Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına töhfə verməsi, Türkiyə prezidenti Ərdoğanın Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərini danışıqlar masası arxasına oturtmağı bacarması, eyni zamanda Azərbaycan və Türkiyə dövlət başçılarının Ukrayna müharibəsinin dayandırılması istiqamətində gördükləri işlər xoş gəlmir.
“Onlar istəmirlər ki, Türkiyə sülhməramlıları Qarabağdakı Rusiya sülhməramlılarını əvəz etsin... Ona görə də zəng edirlər...”,- deyə T.Zülfüqarov vurğulayıb.
Sabiq nazir onu da əlavə edib ki, Blinkenin zəngindən heç bir nəticə gözləmir.