Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət zonasında yerləşən Xocalı rayonunun Pirlər kəndini bir neçə gün öncə tərk etmiş erməni sakinlər geri qayıtmaq istəmirlər.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında bildirilir.
Qeyd olunur ki, kəndin sakinləri Azərbaycan tərəfinin səsgücləndiricilər vasitəsilə azan səsləndirməsindən sonra vahimələnib, erməni rəhbərlərdən təhlükəsizliklərinə təminat istəyiblər.
Məlumata görə, Pirlər kəndində yerləşdirilən və son günlər sayı artırılan qanunsuz erməni silahlı birləşmələri döyüşə hazır vəziyyətə gətirilib.
“Hraparak” bildirir ki, Azərbaycan hərbçilərinin mövqe üstünlüyü – təpədə yerləşməsi Pirlər kəndindəki erməni silahlı birləşmələrini hədəfə çevirib.
Xocalı rayonunun Pirlər kəndi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki zonada qalıb. Ermənilər kəndi Xramort adlandırırlar.