Ermənistanın baş naziri Nikiol Paşinyan Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıq mövqe nümayiş etdirmir, çox ehtiyatlı olamağa, səhv açıqlama verməməyə çalışır.
Modern.az-ın məlumatına görə, bu barədə “Hraparak” qəzetində dərc olunmuş məqalədə bildirilir.
Adətən Paşinyan hakimiyyətini tənqid edən qəzetin bugünkü yazısında bildirilir ki, Ermənistanın hazırkı çətin vəziyyətdə olduğu nəzərə alınsa, Paşinyan doğru mövqe sərgiləyir.
“Ermənistan hazırda çətin durumdadır və bu vəziyyətdə, xüsusən də hakimiyyətdə olan şəxslər tərəfindən səhvə yol verməmək daha çətindir. Ona görə də Nikol Paşinyan və komandasının son günlər göstərdiyi təmkin alqışlanır”,-deyə yazıda vurğulanır.
Qeyd edilir ki, Rusiya-Ukrayna məsələsində təmkin nümayiş etdirən Paşinyan münaqişə edən tərəflərdən heç birini nə pisləyir, nə də müdafiə edir və “təhlükənin sovuşmasını suyun dibində balıq kimi gözləyir”.
“Hraparak” yazır ki, Paşinyan və komandası Rusiyanın məhvi, Qərbin və Ukraynanın qələbəsi arzusundadır, amma Ermənistanı çətin duruma salmasınlar deyə, arzularını gizlədirlər.
“Əgər hakimiyyətə gəldikləri gündən belə təmkin, tarazlıq və ehtiyatlılıq nümayiş etdirsəydilər, lüzumsuz bəyanatlar verməsəydilər, dövlət və hökumət başçısının məsuliyyətini dərk etsəydilər, təhlükəli emosional addımlar atmasaydılar, bu gün ölkəmizdə vəziyyət tamamilə fərqli ola bilərdi”,- qəzet yazır.