Modern.az

Azadlıq prospektində möhtəşəm layihə gerçəkləşdirilir

Azadlıq prospektində möhtəşəm layihə gerçəkləşdirilir

28 Yanvar 2013, 13:42

Bakı şəhərinin Azadlıq prospektində analoqu olmayan layihənin gerçəkləşdirilməsinə başlanılıb. Ziya Bünyadov küçəsindən başlayaraq Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində əlillər üçün səki, avtobus və velosiped üçün ayrıca zolaqlar yaradılacaq.

Binəqədi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Qüdrət Seyfullayevin Modern.az-a verdiyi məlumata görə, türk memarları tərəfindən hazırlanmış layihə təxminən üç fazadan ibarət olacaq. Birinci faza Z. Bünyadov küçəsi ilə kəsişmədəki  tuneldən başlayaraq Mərkəzi Seçki Komissiyasının (MSK) binasına kimi, ikinci faza MSK-dan Binəqədi şosesi üzrə körpüyə qədər, üçüncü faza körpüdən kənd Binəqədiyə kimi olacaq. Şöbə müdirinin sözlərinə görə, hazırda birinci fazanın layihə-smeta işləri yekunlaşdırılır. Türkiyə şirkəti tərəfindən analitik hesablamaların aparılması üçün mütəxəssislər dəvət olunub. Mütəxəssislər tərəfindən bir neçə yerdə nəzarət kameraları quraşdırılıb və nəqliyyatın hər saat üçün intensivliyi müəyyən edilib.
O bildirib ki, gün ərzində buradan hansı intensivlikdə nəqliyyat vasitələri keçəcək. Eyni zamanda  piyadaların intensivliyi saatlara görə müəyyən edilib. Yol kəsişmələrində də vəziyyətlə əlaqədar olaraq analitik hesablamalar aparılıb. Yekun nəticəyə gəlinib və ona uyğun olaraq layihə işləri aparılır. Qüdrət Seyfullayev onu da bildirib ki, layihənin smeta sənədləri yaxın iki-üç ay ərzində yekunlaşacaq:

“Hazırda layihəyə uyğun olaraq kommunikasiya xətlərinin köçürülməsi işləri həyata keçirilir. Layihələndirmə işləri tam halda mart ayının axırına kimi başa çatacaq. Sonra tender yolu ilə qalib olan şirkət tikintini həyata keçirəcək. Layihə üzrə yolun əsas magistral hissəsi 4 zolaqdan ibarət olacaq. Yan köməkçi hissələrin hər biri iki zolaqlı nəzərdə tutulub. Həmçinin həmin prospektdə piyada keçidləri, velosiped  yolu və sərnişin nəqliyyatı üçün ayrıca yol salınacaq. Yol Avropa standartlarına uyğun olaraq layihələndirilir. Prospektin ümumi uzunluğu 2 kilometrə yaxındır”. Şöbə müdiri onu da qeyd edib ki, layihə üzrə Azadlıq prospektinin təmiri zamanı yol qırağındakı qeyri-qanuni zəbt olunmuş ərazilərdə vətəndaşların istirahəti üçün hər cür şərait yaradılacaq:

“Azadlıq prospekti boyunca çoxmərtəbəli binalar ilə yolun arasında müxtəlif ərazilər qeyri-qanuni olaraq vətəndaşlar tərəfindən zəbt olunub. Yenidənqurma zamanı həmin ərazilərdə də müasir istirahət guşələri yaradılacaq. Burada yaşlı insanların istirahəti, uşaqların əylənməsi, sakinlərin dincəlməsi üçün  hər cür  şərait olacaq. Eyni zamanda Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindəki Polşa skripkaçısı şərəfinə yaradılmış park isə yenidən qurulacaq.
Yenidənqurma işlərində “Azəryolservis“ ASC” və Nəqliyyat Nazirliyi yaxından iştirak edəcək”.

Gültəkin ƏLƏSGƏR
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj