Yanvarın 28-də Daxili İşlər Nazirliyində 2012-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Modern.az DIN-in mətbuat xidmətinə istinadən bildirir ki, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. O, deyib ki, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 266-dan 236-ya enib.
”Hesabat dövründə bütün subyektlər üzrə qeydə alınmış 21.897 cinayətin 94%-i və ya 20.675-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuşdur. Onların 88%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12%-ni ağır və xüsusilə ağır növlər təşkil etmişdir. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir”-deyə nazir bildirib.
R.Usubov deyib ki, cinayətlərin profilaktikasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində, bu sahədə operativ tədbirlərin görülməsində müasir texniki vasitələrin və informasiya texnologiyalarının da böyük rolu olub. Təkcə “102” xidmətinə daxil olan məlumatlar əsasında 8502 hüquqazidd əməlin qarşısı alınıb, 2051 cinayət işi başlanıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları sayəsində 61 cinayət açılıb, 6656 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanıb, axtarışda olan 66 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə məhkumluq, təqsirləndirilən şəxslər, avtonəqliyyat vasitələri, odlu silahlar və s. haqqında 455 minə yaxın sorğu cavablandırılmış, axtarılan 875 şəxs müəyyən edilib.
Qeyd olunub ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 12.526 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2148 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 71 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub. Bütövlükdə axtarışa elan edilmiş şəxslərin 67,4%-i tutulub.
Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də sistemli xarakter daşıyıb, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 649 ağır və xüsusilə ağır cinayət, o cümlədən 15 qəsdən adam öldürmə, 61 quldurluq və 56 soyğunçuluq törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə saxlanılan 713 odlu silah və 35 minə yaxın patron götürülüb, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 100 nəfər məsuliyyətə cəlb olunub. Nəticədə odlu silahla törədilən cinayətlərin sayı 57 fakt təşkil etməklə 2011-ci illə müqayisədə 22% azalıb.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 12 saxta pul hazırlama və satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 270 min manat olan 3011 ədəd saxta əskinas çıxarılıb.
Bildirilib ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizədə həyata keçirilən tədbirlər də məqsədyönlü olub. Narkotiklərlə əlaqədar 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanıb, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 596 kiloqram narkotik vasitə və 50 kq prekursor çıxarılıb, 54,9 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 313 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 29 faiz çox, yəni 89 cinayət faktı müəyyən olunaraq 22 nəfər məsuliyyətə cəlb edilib, 8 cinayətkar qrup zərərsizləşdirilib. Bu əməllərin qurbanı olmuş 53 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
2011-ci illə müqayisədə müstəntiqlərin istintaqını apardığı cinayət işlərinin sayı 4% artaraq 21.330 təşkil edib. Vətəndaşlara və dövlətə dəymiş 32 milyon 658 min manat maddi ziyandan 85 faizi ödətdirilmişdir ki, bu da müqayisə edilən dövrə nisbətdə 11,3% çoxdur.
Nazir deyib ki, daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən olan və mahiyyətinə görə profilaktik xarakter daşıyan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müəyyən işlər görülüb. Yol hərəkətinə nəzarət prosesində 2011-ci illə müqayisədə 14% çox və ya 1.021.122 inzibati xəta müəyyən edilib. Şüşələrinə pərdə və plyonka çəkilmiş 11.591 avtomobil, avtoxuliqanlığa görə 503 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb. 2012-ci ildə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş 31,5 milyon manata yaxın cərimədən 99%-i ödənilib. Hesabat dövründə ilkin qeydiyyata 102.780 avtomobilin alınması və ölkə üzrə nəqliyyat vasitələrinin ümumi sayının 1.144.036-ya yüksəlməsi fonunda respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin sayı 2892 fakt təşkil etməklə sabit qalıb. Qəzalarda ölənlərin sayı 15% və ya 152 nəfər artmış, yaralananların sayı 1% yaxud 34 nəfər azalıb. Paytaxt ərazisində isə qəzaların və ölənlərin sayında azalma qeydə alınıb.
Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2011-ci illə müqayisədə 23% çox və ya 1.125.563 protokol tərtib olunub. Onlardan 89%-i yol hərəkəti, 7%-i yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulması, 4%-i digər hüquqpozmalar ilə əlaqədardır. Nəticədə 1.075.688 nəfər cərimələnmiş, 2924 şəxs məhkəmələr tərəfindən həbs olunmuş, 25.330 nəfərə xəbərdarlıq edilib.
Ö tən il nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 5 mindən çox, o cümlədən qabaqcadan məlumat verilməklə 25 şəhər və rayon üzrə yüzlərlə vətəndaş qəbul olunub, qaldırılan bütün məsələlər nəzarətə götürülərək əksəriyyəti yerində müsbət həll edilmişdir. Hesabat ilində vətəndaşlardan Nazirliyə 37.819, o cümlədən elektron poçt ünvanına 7803 müraciət daxil olmuşdur. Hesabat dövründə şikayətlərin sayı 2011-ci illə müqayisədə 2,5 dəfə, o cümlədən polis əməkdaşları barədə olanlar 26%, habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına edilən analoji şikayətlər 19%, İnsan Hüquqları üzrə Müvəkkilə ünvanlanmış müraciətlər 2 dəfə azalıb.
O da nəzərə çatdırılıb ki, əsassız saxlamalar 19%, əsassız gətirmələr 16% az olub, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmayıb.
General-polkovnik Ramil Usubov bildirib ki, 2012-ci ildə Nazirlik tərəfindən orqan və hissələrdə qanunçuluğun qorunması, o cümlədən insan hüquq və azadlıqlarına ciddi riayət olunması, bu sahədə işin təşkilində mühüm rolu olan Milli Fəaliyyət Planının aidiyyəti müddəalarının icrası gündəlik nəzarətdə saxlanılmışdır. Müvafiq məsələlərlə bağlı daxil olan şikayətlər hərtərəfli və obyektiv araşdırılmış, təsdiqlənmiş faktlar üzrə vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib. Daxili nəzarət qaydasında həyata keçirilən davamlı tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 70, sürücülərin hüquqlarının pozulması ilə bağlı 45 fakt aşkarlanıb və 255 əməkdaş barəsində ciddi intizam tədbirləri görülüb, nəticədə polis əməkdaşlarından şikayətlərin sayı 26% azalıb. Korrupsiya hüquqpozmaları ilə bağlı şəxsi heyət arasında aşkarlanmış 54 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 81 əməkdaşdan 51-i xidmətdən xaric edilib, 24-ü tutduğu vəzifədən azad olunub, 6-sı barədə digər intizam tənbehləri tətbiq edilib. Məruzədə əldə olunmuş uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir Kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib.
İclasda Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edib.
Naxçıvan MR-in daxili işlər naziri Ə.Əhmədov, Bakı şəhər Baş Polis İdarəsinin rəisi R.Abbasov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi S.Mehrəliyev və başqaları hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışaraq, çatışmazlıqların cari ilin birinci rübündə aradan qaldırılması üçün təsirli tədbirlərin görüləcəyini bildirib.
İclasa nazir yekun vurub. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi kimi mühüm funksiyaları, qarşıya qoyulmuş məsul tapşırıqları 2013-cü ildə də əzmlə yerinə yetirəcək, xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcək.
Modern.az