Modern.az

“Çanaqqala keçilmǝz” - Türklərin qüruru, müttəfiqlərin FƏLAKƏTİ

“Çanaqqala keçilmǝz” - Türklərin qüruru, müttəfiqlərin FƏLAKƏTİ

Mədəniyyət

18 Mart 2022, 11:38

18 mart Çanaqqala Şəhidlərini Anma Günüdür

Çanaqqala Savaşı - Birinci Dünya Müharibəsi əsnasında 18 mart 1915 - 9 yanvar 1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşüdür. (Türkiyədə Anzaklar adlandırılan bu hərbi qüvvə Birinci Dünya Müharibəsində İngiltərə ordusunda döyüşən, Avstraliya və Yeni Zelandiya əsgərlərindən ibarət olan birləşmiş ordu hissəsidir).

İngiltərə, Fransa, Anzak ordu birləşməsi - İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq, boğazların idarəetməsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girdilər. Ancaq hücumları müvəffəqiyyətsiz oldu və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri çəkildi.

Bu döyüş məhvolma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşdi, hər kəsin xatirəsində əbədi qaldı.

Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş bu döyüş Türk Qurtuluş Savaşına da təsir etdi.

Türkiyə Cümhuriyyəti qurulduqdan sonra İngiltərə və Fransa donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü kimi tarixə düşüb. Müttəfiqlər üçün bu döyüş fəlakət sayılır.


Müharibənin başlanma səbəbləri

Osmanlı dövləti 21 avqust 1914-cü ildə Almaniya ilə müqavilə imzalamışdı. Ancaq bu müqavilə Osmanlı dövlətinin döyüş hazırlığı zəif olduğu üçün gizli saxlanılırdı. Bu müqavilədən dərhal sonra səfərbərlik başlamışdı. Aralıq dənizindəki ingilis donanması qarşısında geri çəkilən alman kreyserlərinin admiral Souchonun rəhbərliyi ilə 10 avqust 1914-cü ildə Çanaqqala boğazını keçərək, İstanbula gəlməsi böyük gərginlik yaratmışdı. Alman donanmasına məxsus bu gəmilərin boğazdan keçməsinə icazə vermək döyüş səbəbi sayılacaqdı. Ancaq Osmanlı dövləti bu gəmilərin Almaniyadan satın alındığını açıqlayaraq, gərginliyi azaltdı.

Haqqında danışılan gəmilər 16 avqust 1914-cü ildə “Yavuz” və “Midilli” adlarıyla Osmanlı donanmasına qatıldı. Bu gəmilərdəki alman dənizçiləri Osmanlı donanmasına aid zabit və əsgər formaları geyərək, vəzifələrini davam etdirdilər, Admiral Souchon isə Osmanlı donanmasının komandanı oldu. Beləcə, Almaniya yaxın gələcəkdə Rusiya limanlarına qarşı istifadə edilmək üçün iki böyük silahını Aralıq dənizindən keçirərək, Qara dənizin yaxınına gətirmiş oldu.

Admiral Souchonun tabeliyindəki “Yavuz” və “Midilli” gəmilərinin daxil olduğu Osmanlı donanması 27 oktyabr 1914-ci ildə Qara dəniz sahillərindəki Rusiya limanlarını bombardman etdi. Bunun ardınca Rusiya İmperatorluğu və Birləşmiş Krallıq Osmanlı dövlətinə qarşı müharibə elan etdi.

Çanaqqalanın iqtisadi və strateji önəmi

Avropa cəbhələrindəki hadisələr İngiltərə və Fransanı müttəfiqləri Rusiyanı dəstəkləmək məcburiyyətində qoydu. Onsuz da Rusiya Almaniyaqa qarşı güclü təzyiqə malik deyildi. Məhdud sənaye həcmi ingilis və fransız dəstəyinə ehtiyac hiss etdirirdi. Fransa və İngiltərənin bu dəstəyi təmin etməsi üçün ola biləcək dörd yol var idi.

Şimal nəqliyyat xətlərindən ikisi keçilməz idi. Şimal dənizi ilin çox hissəsində donmuş vəziyyətdə olduğundan nəqliyyatın hərəkətinə imkan vermirdi.

Baltik dənizi Almaniya donanmasının nəzarətində idi.

Orta nəqliyyat yolu olan Avropa quru yolu da almanlarda idi.

Dördüncü yol isə Osmanlı dövlətinin nəzarətində olan Çanaqqala və İstanbul boğazlarından keçən dəniz yolu idi.


Avropalılar zəif hesab etdikləri Osmanlı dövlətini boğazlardan bir hücumla qovacaqlarını düşünürdülər. Bu zaman isə Rusiyanın dəstəklənməsi mümkün olacaqdı, həm də Osmanlı dövlətinin məğlubiyyəti ilə Almaniya bir müttəfiqini də itirəcəkdi.

Qələbə çalacaqları təqdirdə Osmanlının idarəsində olan Süveyş kanalı İngiltərənin Uzaq Şərq nəqliyyat yolunu təmin etmiş olacaqdı.

Rusiya ilə Qara dəniz üzərindən əlaqə qurulması Avroıpa müttəfiqləri üçün xüsusilə əhəmiyyətli idi. Boğazların ələ keçirilməsi ingilis və fransız firmaları üçün böyük qazanclar gətirəcəkdi.

Savaşın başlanğıcı

19 fevral 1915-ci ildə güclü Fransa qüvvələri ilə İngiltərənin “Elizabet” döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq, ilk Çanaqqala hücumunu başlamış oldu. 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə cəhd göstərdi.

Dəniz müharibəsi

Mustafa Kamal paşa o zaman - Çanaqqala müharibəsində hərbi vəzifələr icra edridi. Döyüşlərin ilk günü Conkbayırındakı müdaxiləsi və savaşın son mərhələlərində üzərinə götürdüyü vəzifələr Mustafa Kamalın hərbi qabiliyyətini ortaya çıxardı və o, "Anafartalar qəhrəmanı" olaraq tanındı. Bundan sonrakı döyüşlər Mustafa Kamalın sərkərdə kimi milli liderliyini ortaya çıxmağa başladı. 

Osmanlı ordusu vǝ dǝniz qüvvǝlǝrinin böyük zǝfǝri ilǝ nǝticǝlǝnǝn Çanaqqala müharibəsi İngiltərə vǝ Fransa donanmalarının ağır itkilǝr verǝrǝk, geri çǝkilmǝsilǝ sona çatdı. Bu qüvvǝlǝr boğazı dǝnizdǝn keçǝ bilmǝyǝcǝklǝrini başa düşǝrǝk, quruda döyüş başlatdılar. Türk millǝtinin cǝsarǝt vǝ fǝdakarlığı və böyük itkilǝr verilmǝsi nəticəsində Çanaqqala boğazı işğalçı qüvvǝlǝr tǝrǝfindǝn ələ keçilǝ bilmǝdi.

Beləcə, “Çanaqqala keçilmǝz” məşhur ifadəsi yarandı.
 
Hər il Çanaqqala dǝniz zǝfǝrinin ildönümü Türkiyə və onu sevən ölkələrdə böyük fəxr və qürurla qeyd edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər