Ermənistanın müdafiə naziri Suren Papikyan iki əsgərin öldürüldüyü Zəngəzur bölgəsinə gedib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, S.Papikyan baş vermiş hadisələrlə bağlı məsul zabitlərin məruzələrini dinləyib, bu kimi halların qarşısının alınması üçün hərbi hissə komandirlərinə müvafiq tapşırıq və göstərişlər verib.
Nazir deyib ki, iki hərbçinin ölümü bəzi hərbi hissələrdə nizam-intizamın, eləcə də ayrı-ayrı hərbçilərin mənəvi-psixoloji tərbiyəsinin adekvat səviyyədə olmamasının nəticəsidir.
Qeyd edək ki, martın 17-də 19 yaşlı çağırışçı əsgər Eduard Rüstəmyanın, martın 16-da isə digər çağırışçı əsgər Albert Siroyanın meyiti qulluq etdikləri hərbi hissələrin ərazisində tapılıb.
Səfər zamanı Papikyan Azərbaycanla həmsərhəd Nerkin Xand kəndinə də gedib və burada birləşmə komandiri, general-mayor Artak Budaqyan ərazidəki vəziyyəti ona təqdim edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Nerkin Xand kəndinin sakinləri Ermənistan KİV-lərinə həyəcanla bildirmişdilər ki, Azərbaycan hərbçiləri bu istiqamətdə 800-1000 metr irəliləyiblər. Amma Ermənistan Müdafiə Nazirliyi xəbəri təkzib etməli olub. Bildirilib ki, həmin mövqelər ötən il Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulub, indi soyuq hava ilə əlaqədar yerdəyişmə edilir.