Modern.az

Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilir

Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilir

Diaspor

19 Mart 2022, 09:45

Son illər Azərbaycan diasporunun fəaliyyəti cəmiyyət tərəfindən müsbət dəyərləndirilir. Xarici ölkələrdə yaşayan həmyerlilərimizin birliyi, Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində görülən işlər, Ukrayna-Rusiya böhranı zamanı vətəndaşlarımızın müharibə bölgəsindən təhlükəsiz şəraitdə təxliyə edilməsi üçün həyata keçirilən koordinasiyalı fəaliyyət təqdirlə qarşılandı.

 

Bu gün fəxrlə deyə bilərik ki, azərbaycanlılar dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, hər yerdə birlik, bərabərlik və həmrəylik nümayiş etdirirlər. 44 günlük savaş ərəfəsində soydaşlarımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, erməni barbarlığının ifşası yönündə görülən tədbirlər dünya azərbaycanlılarının Vətənə, dövlətə bağlılığından, yeni zamanda gücündən xəbər verir. Əlbəttə, bu işdə dövlət qurumlarının, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyətini qeyd etmək lazımdır.

 

Bu gün Dövlət Komitəsi dünyanın dörd bir yanında yaşayan həmyerlilərimizə öz dəstəyini nümayiş etdirir, onların fəaliyyəti və üzləşdikləri problemlərin dərhal aradan qaldırılması üçün bütün gücünü səfərbər edir. Nəticə göz önündədir: dünya azərbaycanlıları qalib xalqın nümayənədləri olaraq hər yerdə öz sözünü deməyi bacarır, ermənilərin informasiya təxribatlarının qarşısını alaraq, şərəfli missiyalarını layiqincə yerinə yetirirlər.

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin üzvləri son illərdə Azərbaycan diasporunun mütəşəkkil fəaliyyətini yüksək dəyərləndirdiklərini qeyd ediblər. 

 

 

Deputat Ceyhun Məmmədov vurğulayıb ki, diaspor fəaliyyəti, xaricdə yaşayan azərbaycanlıların diqqətdə saxlanması ölkə başçısının nəzarətindədir. Bu məsələyə xüsusi önəm verilir:

 

“Azərbaycan diasporu bu istiqamətdə öz töhfəsini verməyə çalışır. Aktivlik aydın şəkildə hiss olunur.  Son zamanlar Azərbaycan diasporunun fəaliyyətini Ukraynada vəziyyətin gərginləşdiyi dönəmdə daha çox müşahidə etdik. Tək Ukraynada deyil, ona qonşu olan ölkələrdəki diaspor nümayəndələri də böyük fədakarlıqla müharibə bölgəsində yaşayan azərbaycanlıların çıxarılmasına səy göstərirdi.

 

Artıq Azərbaycan diasporunun çağırışlara ən yüksək səviyyədə cavab verdiyi görünür. Xarici təşkilatlarda Azərbaycana qarşı mənfi fikirlər səsləndikdə, addımlar atıldıqda diasporumuzun ciddi şəkildə buna cavab verə bildiyini müşahidə edirik. Mənə elə gəlir ki, bundan sonrakı dönəmdə də diasporumuzun daha uğurlu işlərə imza atmasını müşahidə edə biləcəyik. Əsas odur ki, iradə var, Diaspor Komitəsi yüksək səviyyədə çalışır, xaricdə yaşayan vətəndaşlarımızla iş qurulub. Nazirlər Kabinetinin 2021-ci ildə görülən işlər haqqında hesabatında da bu məqamlar əks olunmuşdu. Son ildə Azərbaycan diasporunun gördüyü işlərin müsbət nəticələrini görürük”. 

 

 

Ceyhun Məmmədov düşünür ki, diaspor fəaliyyəti üçün güclü maliyyə təminatı vacib amildir:

 

“Bu sahədə uğurların daha da artması üçün mütləq maliyyə təminatı yaxşı olmalıdır. Dünyanın aparıcı ölkələrində diasporun fəaliyyəti, ofislərin saxlanması, tədbirlərin keçirilməsi, müxtəlif aksiyaların təşkili və s. üçün maliyyə təminatı yaxşı olmalıdır. Bu gün yeni mərhələyə qədəm qoymuşuq. Güclü informasiya müharibəsi gedir. Dövlətin apardığı bu müharibə ilə bağlı xarici ölkələrdə fəaliyyət göstərən diasporumuzun üzərinə ciddi vəzifələr düşür. Ona görə, düşünürəm ki, diasporun maliyyə təminatı da diqqətdə saxlanmalıdır. Biz onlara lazım olan qədər vəsait ayırmalıyıq ki, yaxşı nəticələrə nail olaq”.  

 

 

Deputat Cavid Osmanov isə qeyd edib ki, dünya azərbaycanlılarının təşkilatlanması, bir mövqedən çıxış etməsi, həmrəyliyi haqqında ulu öndər Heydər Əliyev müstəqilliyimiz bərpa olunan kimi Naxçıvandan çıxış etmişdi. Bununla əlaqədar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edildi:

 

“Prezident İlham Əliyevin son illər apardığı uğurlu siyasət nəticəsində Azərbaycan diasporunun təşkilatlanması, birliyi və aktivləşdirilməsi istiqamətində ciddi işlər həyata keçirildi. Son illər Diaspor Komitəsi buna uyğun olaraq mühüm işlərə imza atdı. Birincisi, qeyd etməliyik ki, xüsusilə Vətən müharibəsi ərəfəsində xaricdə yaşayan diasporumuz mütəşəkkil iş gördü, Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Erməni “fake news”larının qarşısının alınmasında vacib addımlar atdılar. Xalqımıza qarşı törədilən terror aktlarının, Xocalı faciəsi, 20 yanvar qırğınlarının dünyaya çatdırılması üçün mütəmadi tədbirlər həyata keçirilir.

 

Diasporumuzun fəaliyyəti ilə bağlı “Vətən uzaqda deyil” verilişinin çəkilməsi, diasporumuzun tanıdılması və s. ilə bağlı görülən işlərin gücləndirilməsi təqdirəlayiqdir. Xaricdə yaşayan soydaşlarımızla Dövlət Komitəsi arasında mütəşəkkil əlaqələrin qurulması, 60-dan çox ölkədə azərbaycanlıların təşkilatçılığı ilə konfransların keçirilməsi bunun əyani sübutudur”.

 

Cavid Osmanov deyib ki, ötən il 15 iyunda imzalanan Şuşa Bəyannaməsinə əsasən Türkiyə ilə birlikdə diaspor fəaliyyətinin həyata keçirilməsi üçün əldə edilən razılaşma diasporun fəaliyyətinə müsbət təsir göstərəcək:

 

“Xüsusilə, gənclərlə görülən işlərin vacib olduğunu hesab edirəm. Artıq gənclərlə bir sıra layihələrin həyata keçirilməsi, yay düşərgələrinin təşkili gənclərlə işin gücləndirildiyini göstərir. Önəmli addımlardan biri də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağ məktəblərinin fəaliyyətə başlamasıdır. Bu isə xaricdə yaşayan azərbaycanlı şagirdlərin ana dilində biliklərə yiyələnməsi, Azərbaycan tarixini öyrənməsi baxımından müsbət addımdır.

 

Rusiya-Ukrayna böhranı zamanı həm Ukraynada, həm də ətraf ölkələrdə formalaşmış diasporumuzun, Xarici İşlər Nazirliyi ilə koordinasiyalı addımları onların fəaliyyətinin nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi. Vətəndaşlarımızın tez və sağ-salamat təxliyəsi üçün böyük fədakarlıq göstərdilər.

 

Dünyada yaşayan soydaşlarımızın daha sıx birləşməsi, fəaliyyətinin mütəşəkkil təşkili üçün ölkəmizin iqtisadi imkanları artdıqca, bu sahəyə vəsait ayrılması daha müsbət nəticələrə yol açacaqdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu