Yaxın vaxtlarda Ermənistan hökumətinin tərkibində kadr dəyişiklikləri gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Qəzet xatırladır ki, Vaaqn Xaçatryanın Ermənistan prezidenti vəzifəsinə seçilməsindən sonra yüksək texnologiyalar naziri postu boşalıb.
“Hraparak”ın əldə etdiyi məlumata görə, keçmiş səhiyyə naziri, hazırda hakim “Mülki müqavilə” partiyasının deputatı olan Arsen Torosyan bu vəzifəyə təyin olunmaq üçün tükənməz istək nümayiş etdirir.
Qeyd olunur ki, baş nazir Nikol Paşinyan digər kadr dəyişikliyi ilə öz kabinetinə yeni təkan vermək niyyətindədir.
“Fövqəladə hallar nazirinin dəyişməsi müzakirə olunur. Bu, əlbəttə ki, uzun müddətdir müzakirə olunur və fövqəladə hallar nazirinin müavini Armen Papuxçyan məhz bu məqsədlə oraya təyin olunub. İndi, deyəsən, bu proqramın icrasının vaxtı çatıb”, - qəzet yazır.
Digər məlumata görə, gündəlik qalmaqallarda görünən iqtisadiyyat naziri Vaan Kerobyanın gedişindən də danışırlar.
“Ötən həftə parlamentin deputatları Paşinyana Kerobyanın davranışından, hazırlıqsız vəziyyətindən şikayət ediblər. Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın da vəzifəsi ilə vidalaşacağı istisna edilmir”, - məlumatda qeyd olunur.