ABŞ-ın müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynaya əsgər göndərməyəcəyini bir daha bəyan edib. Pentaqon rəhbəri bildirib ki, ABŞ qoşunları Ukraynada Rusiya Federasiyası ilə hərbi əməliyyatlarda iştirak etməyəcək.
Modern.az xəbər verir ki, Lloyd Ostin CNN-ə deyib: “ABŞ prezidenti Co Bayden Ukraynada Rusiyaya qarşı döyüşən hərbçilərimizin olmayacağını açıq şəkildə bildirib”.
Lloyd Ostin, həmçinin qeyd edib ki, əgər ABŞ Ukrayna səmasında uçuşa qadağa zonası tətbiq etsə, bu, Ukrayna, Belarus və Rusiyada aviasiya sistemlərinin yararsız hala salınmasını tələb edəcək.
“Bu o deməkdir ki, biz Rusiya ilə müharibə aparırıq. Bunlar heç kimin münaqişədə iştirakını görmək istəmədiyi nüvə silahına malik iki ölkədir. Bu, region üçün yaxşı deyil. Bu, dünya üçün yaxşı deyil”.
O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar bütün diqqətini Ukraynaya kömək etməyə cəmləyib və NATO ərazisinin hər qarışını qorumaq üçün əlindən gələni edir.
Ostinə Ukraynadakı hərbi münaqişə ilə bağlı Çinin mövqeyi barədə də sual verilib.
Austin CNN-ə Çinin nə edəcəyini deməyin çətin olduğunu söyləyib və spekulyasiya etmək istəməyib.
“Ümid edirəm ki, Çin Putinin bu iyrənc hərəkətini dəstəkləməyəcək, ümid edirəm ki, onlar suveren əraziyə hörmət etmək zərurətini tanıyacaqlar” deyən Pentaqon rəhbəri əlavə edib ki, “biz açıq şəkildə bildirdik, əgər onlar bunu edərlərsə, bu pis seçim olacaq”.
Daha əvvəl telekanal rəsmi mənbələrə istinadla bildirmişdi ki, “Rusiya Çindən hərbi dəstək və iqtisadi yardım istəyib, Çin isə Rusiyaya yardım təklif etməyə müəyyən qədər hazır olduğunu bildirib”. Lakin hər iki tərəf bunu inkar edir.
Cümə günü ABŞ prezidenti Co Bayden çinli həmkarına Moskvaya maddi dəstək verəcəyi təqdirdə Pekin üçün “bunun nəticələri” barədə xəbərdarlıq edərək, Çin prezidenti Si Cinpini Rusiyaya kömək etməkdən çəkindirməyə çalışıb.