Milli Qəhrəman Viktor Seryoginin Ukraynanın Xarkov vilayətində yaşayan ailəsi bu gün müharibə bölgəsindən çıxarılacaq.
Bu barədə Modern.az-a Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Rüfət Quliyev məlumat verib. Deputat qeyd edib ki, Xarkovda humanitar dəhliz təşkil ediləcək və insanlar təxliyə olunacaq:
"Oleq Krapivin ailənin təhlükəsiz çıxarılması üçün ambulans maşını və xüsusi kömək təşkil edib. Oleq bəyin qohumu Maqomed Əhmədzadə Xarkovdan, bombardman içindən ailənin təxliyəsini öz özlərinə götürüb. Milli Qəhrəmanın həyat yoldaşı əlil arabasında olduğuna görə, xüsusi qayğıya ehtiyacı var. Moldova sərhədində ailəni səfirimiz Qüdsi Osmanovun göndərdiyi maşın qarşılayacaq. Milli Qəhrəmanın ailə üzvləri Moldovada bir gün səfirimizin qonağı olacaqlar. Sonra ölkəmizə yola salınacaqlar. 2 gün sonra ailəni Bakıda qarşılamağı planlaşdırmışıq. Biz hava limanında qarşılamada jurnalistlərin də iştirak etməsinə çalışacağıq. Beləliklə, media onlara olan suallarını birbaşa özlərinə ünvanlaya biləcək".
Rüfət Quliyev deyib ki, Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyi, səfirliyimiz, diasporumuz, parlament ailənin təxliyəsini xüsusi diqqətdə saxlayır: "Azərbaycanın Milli Qəhrəmanının köməksiz qalması mümkün deyil".
Deputat qeyd edib ki, Milli Qəhrəmanın ailəsinin Bakıda yaşayacağı evi və müavinət məsələsi də həll ediləcək.
Xatırladaq ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub.
1992-ci il yanvarın 28-də onun idarə etdiyi və bortunda 47 sərnişinin olduğu Mi-8 mülki vertolyotu erməni mövqelərindən atılan "Stinger" istilik raketilə vurulub. Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan təyyarəni Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
1992-ci ilin noyabrında ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanın adı verilib.