Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması yenidən gündəmə gəlib. Türkiyə və Ermənistan XİN başçılarının bu yaxınlarda Antalyada keçirilən görüşündən sonra hər iki ölkənin rəsmiləri tərəfindən müsbət mesajlar səsləndirilib.
Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparan Ermənistanın XİN başçısı Ararat Mirzoyan ölkəsinə qayıtdıqdan sonra yerli mediaya açıqlamasında sərhədlərin açılmasından söz açıb, erməni xalqının Türkiyə ilə barışmaq istədiyini diqqətə çatdırıb.
“Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır” – deyən Mirzoyan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müsbət olduğunu vurğulayıb.
Çavuşoğlu da öz növbəsində Mirzoyanla görüşün səmərəli və məhsuldar olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan ikitərəfli münasibətləri inkişaf etdirmək üçün təmasları davam etdirəcək.
"Biz Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstərməkdəyik. Regionda sülhün olması hər birimizin xeyrinədir" - Türkiyənin XİN rəhbəri Antalya görüşü ilə bağlı açıqlamasında deyib.
Bəs Türkiyə nə düşünür? Ankara Ermənistanla sərhədləri açmağa hazırdırmı?
Bu barədə Modern.az-a danışan Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı bildirib ki, sərhədlərin açılması Ermənistanın Azərbaycanın Qarabağ məsələsində şərtlərini qəbul etməsindən sonra mümkün ola bilər.
“Sərhədin açılması ən çox Ermənistan üçün vacibdir. Bunun olmasını istəyirlərsə, Azərbaycanın əsas şərtlərini yerinə yetirməlidirlər. Bu mövzuda mütləq Ermənistan Türkiyəyə inam verməlidir. Əks təqdirdə iki ölkə arasında sərhədin açılması mümkün deyil. Əlbəttə, sərhədlərin açılması Ermənistan üçün faydalı olacaq. Eyni zamanda bu addım Ermənistandakı vəziyyətin normallaşması üçün də vacibdir” - Cihad Yaycı deyib.
Türkiyəli general qeyd edib ki, Ermənistan Azərbaycana qarşı düşmən mövqeyini davam etdirərsə, sərhədlər açılmayacaq. Onun fikrincə, ilk növbədə İrəvan Azərbaycanın sülh şərtlərini yerinə yetirməlidir və bundan sonra sərhədlərin açılması reallaşa bilər.
Xatırladaq ki, rəsmi Bakı Ermənistana 5 bəndlik sülh təklifi irəli sürüb. Azərbaycan XİN-in İrəvana göndərdiyi sülh təklifləri aşağıdakılardan ibarətdir:
1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
İrəvan isə Azərbaycanın təkliflərinə qeyri-obyektiv münasibət sərgiləyərək, məsələ ilə ATƏT-in Minsk qrupunun məşğul olması ideyasını irəli sürüb. Ermənistanın Bakıya ünvanladığı cavab İrəvanın destruktiv mövqeyini nümayiş etdirir. Bu, ondan xəbər verir ki, İrəvan 30 illik fəaliyyəti dövründə heç bir iş görməyi bacarmayan Minsk qrupunu yenidən səhnəyə gətirməyə çalışır.