Lənkəran rayonunun ağsaqqalları adından çıxış edən bir qrup şəxs bəyanat yayıb.
Modern.az saytına daxil olan bəyanatda bildirilib ki, “Talış Ağsaqqallar Şurası” adlı təşkilat adından Müsavat partiyasının sədri İsa Qəmbərin Lənkərana səfərinin dəstəkləndiyi barədə yayılan məlumatlar tamamilə yalandır. Bəyanatda vurğulanıb ki, nə Lənkəranda, nə də digər cənub bölgəsində “Talış Ağsaqqallar Şurası” adında təşkilat var, amma Lənkəran rayon Ağsaqqallar Şurası fəaliyyət göstərir və bu qurum İsa Qəmbərlə görüşmək arzusunda deyil.
“Çünki İsa Qəmbərin hakimiyyətdə olduğu dövr elə bu ağsaqqalların yaxşı yadındadır. Azərbaycan xalqını türkə, talışa, ləzgiyə, kürdə bölən sizlər deyildinizmi? Azəbaycanın Talışıstan, Ləzgistan, Kürdüstan adları altında bölünməsinə şərait yaradanlar sizlər və sizin başbilənləriniz deyildimi? O dəhşətli günləri Allah bir daha xalqımıza göstərməsin”-deyə Lənkəran ağsaqqalları adından yayılan bəyantda qeyd olunub.
Bəyanatda daha sonra bildirilib:
“Sizin guya özünüzə doğma saydığınız Lənkəran gündən-günə inkişaf edib gözəlləşir. Hər yanda quruculuq-abadlıq işləri görülür, sosial problemlər həll olunur. Sakinlər bütün bunları böyük sevinclə qarşılayırlar. Qədirbilən xalqımız yaxşı başa düşür ki, bu böyük işlər bugünkü siyasi sabitliyin, əmin-amanlığın və vətəndaş həmrəyliyinin hesabına mümkün olmuşdur. Görəsən bunlar sizləri niyə sevindirmir? Nədən bu inkişafdan xoşunuz gəlmir? Nə üçün xalqın dinc həyatını, əminamanlığını yenidən pozmağa cəhd edirsiniz? Siz bu xalqa nə vermisiniz və ondan nə istəyirsiniz? Bir daha deyirik: Axı, siz bir dəfə hakimiyyətdə oldunuz və bu xalqın başında siyasi dəlləkliyi öyrənməyə çalışdınız. Nəticədə Azərbaycan xalqı böyük bəlalarla üzləşdi. Böyük əziyyətlər bahasına bu bəlalardan xilas olmuşuq, rəvan inkişaf yoluna çıxmışıq. Yenidən bizi o qarmaqarışıq illərəmi qaytarmaq istəyirsiniz? Bu mümkün olmayacaq! Müdrik xalqımız seçdiyi düz yoldan heç vaxt geri dönməyəcək! Heç kim unutmasın ki, bu xalqın heysiyyatı ilə oynamaq istəyənlər daha dəhşətli şəkildə bu xalqın qəzəbinə tuş gələcəklər! Sizin bütün təxribatlarınız xalqımızın qətiyyətli etirazı ilə iflasa uğrayacaq!”.
Lənkəran rayonunun ağsaqqalları adından bəyanatı aşağıdakı şəxslər imzalayıblar:
Kələntərli Kamal- Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri
Məmmədov Sərhad- Ağsaqqallar Şurasının sədr müavini
Talışlı Hacı Mirhaşım- Ağsaqqallar Şurasının sədr müavini
Əliyev Hacı Ələkbər- Ağsaqqallar Şurasının üzvü
Musayev Hacı Mərafət-Ağsaqqallar Şurasının üzvü
Məhərrəmov Barat- Ağsaqqallar Şurasının üzvü
Bağırov Fərəməz- Ağsaqqallar Şurasının üzvü
Əliyev Surxay- Ağsaqqallar Şurasının üzvü
Nabatov Dadaş- Ağsaqqallar şurasının üzvü
Süleymanlı Siyavuş-Ağsaqqallar Şurasının üzvü