Modern.az

Separatçılar Qarabağdan çıxarılır?

Separatçılar Qarabağdan çıxarılır?

Qarabağ

24 Mart 2022, 10:55

Martın 22-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər 10 noyabr 2020-ci il tarixli bəyanatın 4-cü bəndinə müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Bu barədə Modern.az-a danışan politoloq Elxan Şahinoğlu separatçıların Qarabağdan çıxarılması məsələsinin uzandığına təəssüf edib:

“Əslində, həm 10 noyabr 2020-ci il, həm də Azərbaycan və Rusiya prezidentlərinin bu il fevralın 22-də imzaladığı bəyanatda separatçıların tərki-silah edilib, ərazilərdən çıxarılması göstərilib. Amma çox təəssüf ki, bu məsələ uzadılır”.

 

Politoloqun sözlərinə görə, Rusiya hərbçiləri separatçıların Qarabağdan çıxarılması üçün heç bir iş görmür:

“Ona görə də, bu məsələləri artıq qətiyyətlə Rusiya hakimiyyəti və komandanlığı qarşısında qaldırmaq lazımdır. Kərim Vəliyev də bunu rusiyalı həmkarı ilə müzakirə edib. Ancaq mən o qədər də optimist deyiləm. Düşünmürəm ki, hansısa danışıqlardan sonra rus hərbçiləri Qarabağdakı seperatçıları tərk-silah edib, çıxarsınlar”.

Politoloq qeyd edib ki, hər halda müzakirələrin dərinləşdirilməsi bizim üçün çox faydalıdır: “Rusiya tərəfi bizim bu məsələnin həllini istədiyimizi bilir. Çünki məsələ həllini tapmasa, regionda gərginlik azalmayacaq. Ermənilər bu görüşdən əndişəlidirlər ki, ruslar bizimlə razılaşarlar. Ancaq ermənilər anlamalıdırlar ki, biz bu işi həll edəcəyik”.

“Biz artıq Qarabağa gedən qaz, su elektrik xətlərini nəzarət altına almışıq. İndi şikayət edirlər ki, qaz gəlmir, gələ də bilməz. Çünki Ermənistandan işğal dövründə qanunsuz boru kəməri çəkiblər. Bu məsələ Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməlidir. Bu məsələlər də artıq bizim nəzarətimizdədir. Çox təəssüf ki, ermənilər bunu anlamaqda çətinlik çəkirlər”, - deyə E.Şahinoğlu bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi