Modern.az

“Dəli Kür” bu yay da bizi susuz qoyacaq?

“Dəli Kür” bu yay da bizi susuz qoyacaq?

24 Mart 2022, 15:00

Bu yaxınlarda Baş nazir Əli Əsədov “Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Kür çayının aşağı axarında azsululuq dövründə suqəbuledici qurğuların fəaliyyətində yaranan problemlərin və çayın mənsəb hissəsində müşahidə edilən suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, ötən il Kür çayında suyun səviyyəsinin azalması fermer təsərrüfatlarında ciddi problemlər yaradıb. Hətta paytaxt Bakının əksər ərazilərində suyun 24 saatlıq rejimlə verilməsi mümkün olmayıb, mövcud problemlə əlaqədar içməli suyun təchizatı qrafiklə həyata keçirilib. 

 

Bu barədə Modern.az-a danışan deputat Sabir Rüstəmxanlı bildirib ki, Aran rayonlarında - xüsusilə Neftçala və Salyanda həm içməli suyun verilməsi, həm də əkin sahələrinin suvarılması ilə bağlı narahatlığı parlamentdə qaldırıb:

 

“Təkliflərimi Nazirlər Kabinetinə və əlaqədər qurumlara vermişdim. O vaxt bu məsələnin araşdırılması ilə bağlı komissiya yaradılmışdı”.

 

Onun sözlərinə görə, Kür və Araz çaylarında suyun azalması təbii fəlakətdir.

 

Milli Məclisdə Neftçalanı təmsil edən S.Rüstəmxanlı bildirib ki, su probleminin meydana çıxmasına eyni zamanda təbii olmayan, insan əli ilə yaradılan süni təsirlər də rol oynayır: “Bu da ondan ibarətdir ki, suvarma sistemləri köhnədir. Beton kanallar yoxdur. Hamısı selləmə üsulu ilə suvarılır. Bu da həm su israfçılığına, həm də torpaqların şoranlaşmasına səbəb olur. Ona görə də, burada kompleks tədbirlər görülməlidir”. 

 

“Neftçalaya ötən il su kəməri çəkildi. İndi o kəndlərə şaxələndirilir. Kürün üstündə çoxlu su nasosları var. Onlarda limitin nə qədər olduğu bilinmir. Yəni kim nə qədər su götürüb, suvarmada istifadə etməlidir, bilinmir.  Buna ciddi nəzarət edilməlidir. Kür gərək öz tarixi əhəmiyyətini itirməsin. Yəqin ki, indi müəyyən işlər görülür. Hazırda dağlarda qar var. Buna görə də, Kürün suyu artmaqdadır. Ola bilsin ki, yazda çoxlu yağış yağar və Kür heç olmasa əvvəlki səviyyəsinə qayıdar. Hər halda hazırda Kürdə suyun artması prosesi gedir. Çünki yazdır. Yayda necə olacaq bilinmir”, - deputat vurğulayıb.

 

Qeyd edək ki, son dövrlərdə iqlim dəyişmələri şəraitində yağıntıların miqdarının nəzərəçarpacaq dərəcədə azalması, ilin isti aylarında quraqlıq dövrünün davamiyyətinin artması nəticəsində ölkə çaylarında sululuğun azalması müşahidə edilir. Bu azalma təkcə Kür çayında yox, ölkənin digər şirin su ehtiyatlarında da baş verib. Kür çayında suyun azalması su qıtlığı kimi kompleks problemlərlə səciyyələnir.

 

Suya olan tələbatın ödənilməsi üçün çoxlu miqdarda su ehtiyatlarından həm qonşu Gürcüstan və Türkiyədə, həm də Azərbaycanda istifadə olunması, Kür çayından daha çox su götürülməsinə səbəb olur ki, bu da nəticədə problem yaradır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama