Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanla sülh sazişinin imzalanması və sərhədlərin delimitasiyası ilə bağlı fikirlər səsləndirib.
"Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır. İki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir", - deyə baş nazir bildirib.
Paşinyanın bu çıxışı sülhün yaxın zamanda bərqərar olmasına işarədirmi, yoxsa İrəvan bununla görüntü yaratmağa çalışır?
Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası mütləqdir. Çünki məsələnin tənzimlənməsinin başqa yolu yoxdur.
Onun sözlərinə görə, delimitasiya və demarkasiya olmalıdır ki, sərhədlər müəyyənləşsin. Bununla da, normal əlaqələr qurulsun:
“Paşinyan sülh sazişi üçün işə başlamalı, bu işi sürətləndirməli olduqlarını açıqladı. Bu olduqca önəmli bir açıqlama idi. Əgər sülh sazişi istənilirsə, yenə də, bunun yolu sərhədlərin delimitasiyası və demarkasiyasından, ölkələrin bir-birinin sərhədlərinin toxunulmazlığını tanımasından keçir. Bu məqamda hər iki ölkənin bir-birinin suverenliyini tanıması olduqca önəmlidir”.
Politoloq prosesdə riskləri də istisna etməyib:
“Risk ondan ibarətdir ki, Ermənistan tərəfi tez-tez müəyyən bəyanatlarla çıxış edir. Ancaq bu bəyanatların həyata keçməsi üçün real addımlar atmır. Bizim 25 ildən artıq apardığımız danışıqlar bunu açıqca göstərir. Nə olsun, vaxtilə Madrid prinsiplərinin ərsəyə gəlməsində də ermənilərin müəyyən rolu olub. Onlar bununla razılaşıblar. Ancaq razılaşmaqla, ona əməl etmək arasında böyük bir fərq vardır. Məsələni uzadırlar. Burada da risk ondan ibarətdir ki, bəli, onlar deyirlər, danışıqlar aparmaq, sülh sazişini imzalamaq istəyirlər, ancaq məzmunu səthi görürlər. Beləliklə, danışıqların aparılması özündə risklər meydana gətirir. Nə qədər danışıqlar aparmaq olar? Yenə də, hər şeyi zaman göstərəcək. Onların mənfi təcrübələrinə görə, bu məsələdə elə də nikbin deyiləm”.