Modern.az

Ermənistandakı kəndlər də təcili boşaldılmalıdır! - Fərrux Zəfəri

Ermənistandakı kəndlər də təcili boşaldılmalıdır! - Fərrux Zəfəri

Parlament

28 Mart 2022, 17:23

Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altındadır. Son günlər yerli mediada yer alan xəbərə görə, Azərbaycan Ordusu Qarabağda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir. Bununla da tarixi torpağımız olan Fərrux kəndi digər ərazilər kimi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

 

Hərbi ekspertlərin fikrincə, Fərrux yüksəkliyi Qarabağda hərbi-strateji baxımdan əhəmiyyətli ərazilərdən biridir. Həmin yüksəkliyin nəzarətimizə keçməsi mühüm önəm daşıyır. Eyni zamanda Fərrux kəndinin ordumuzun nəzarəti altına keçməsi Azərbaycanın növbəti tarixi qələbəsi kimi qiymətləndirilir. 

 

Bununla bağlı Modern.az-a danışan Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli hesab edir ki, Fərrux kəndi ilə bağlı Ermənistan tərəfinin hay-küy qaldırması növbəti erməni həyasızlığından başqa bir şey deyil:

 

 

 

 

“44 günlük müharibədən ötən il yarım ərzində 10 noyabr Bəyanatının bir sıra maddələrinin həyata keçirilməsindən israrla boyun qaçıran Ermənistanın siyasi rəhbərliyi və ermənilər elə güman etməsinlər ki, Azərbaycan öz suveren ərazilərində erməni separatçılığına əbədi olaraq göz yumacaq. Azərbaycan Rusiya sülhməramlılarının ərazilərimizdə yerləşməsinə ona görə razı olmayıb ki, erməni terrorçu silahlı qruplaşmaları bu ərazilərdə möhkəmlənib Azərbaycanın əraizi bütövlüyünü, 30 ildən sonra doğma yurdlarına geri dönəcək keçmiş məcburi köçkün vətəndaşlarımızın həyatını daim təhdid altında saxlasınlar. Azərbaycan dövləti vətəndaşlarının və işğaldan azad olunmuş yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək iqtidarındadır və buna bizi bölgədə hələ də qalmaqda olan qanunsuz erməni silahlı qruplaşmalarının bir-birini əvəz edən hərbi təxribatları məcbur edir.

 

Maraqlıdır, vaxtilə keçmiş Dağlıq Qarabağın ətrafındakı yeddi Azərbaycan rayonunu işğal edən Ermənistan 30 il bunu qondarma qurumun təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı ilə izah edir, “bufer zona” adlandırırdı, indi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin, xüsusilə Ağdamın təhlükəsizliyi üçün Fərrux yüksəkliyində yerləşməsindən niyə narahat olur?

 

Digər tərəfdən, Ermənistan qonşu dövlətdir və Azərbaycanın öz suveren ərazilərində hər hansı hərəkətinin, Azərbaycan Ordusunun həyata keçirdiyi dislokasiya işlərinin Ermənistana nə dəxili var? Buna görəmi Ermənistan delimitasiya məsələsindən boyun qaçırır ki, istədiyi vaxt Azərbaycanın suveren ərazilərinə və daxili işlərinə müdaxilə etsin?”

 

Deputat Ermənistan hakimiyyəti və erməni xalqına 1988-1991-ci illərdə ölkədən vəhşicəsinə qovub çıxardıqları və həmin ərazilərin köklü sakinləri olan 300 min nəfər azərbaycanlı qaçqının geriyə - öz dədə-baba ocağına qayıtması barədə düşünməyi məsləhət görüb:

 

“Qərbi Azərbaycan qaçqınları olaraq biz öz dədə-baba yurdlarımızdan imtina etməmişik, Ermənistan hakimiyyəti və xalqı bilsin ki, biz son nəfərimizə qədər öz yurdlarımıza qayıdacağıq. Bu gün Ermənistandakı həmin kəndlərdə ermənilərin məskunlaşmasının cəmi 34 illik tarixi var və həmin kəndlər təcili boşaldılıb, azərbaycanlı qaçqınların doğma kəndlərinə qayıtması təmin edilməlidir. Ermənilərə yüz dəfə havadarlıq edən dövlətlər, yaxşı olar ki, bir dəfə də bu barədə düşünsünlər”.

 

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, deputat Azər Badamovun fikrincə, Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsi o deməkdir ki, biz tezliklə Qarabağın ermənilərin yaşadığı ərazilərimizdə də nəzarətimizi bərpa edəcəyik:

 

“Bu gün Azərbaycanın kifayət qədər gücü var ki, yarımçıq qalmış bütün məsələlərini həll etsin. Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazımdırsa, hamıdan yaxşı bilir. Ona görə də məsələləri həllinə və baş verən hadisələrə təmkinlə və səbirlə cavab veririk.  Qalmış məsələlərin həll olunması 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmışdır. Üçtərəfli bəyanatın icra olunmadığı bəndlərdən biri də 4-cü bəndidir. Bu bəndə əsasən bölgəyə Rusiya sülhməramlıları daxil olması ilə paralel olaraq erməni hərbi birləşmələri ərazilərimizi tərk etməli idi. Biz üçtərəfli bəyanata imza atanda Azərbaycanın suveren hüquqların bərpa olunmasına hesablamışdıq. Amma çox təəssüf ki, üçtərəfli bəyanatların icra olunmasında Ermənistan və Rusiya öz üzərinə düşən vəzifələri icra etmirlər. Məhz Rusiya sülhməramlıların üzərinə düşən vəzifələri icra etməməsi Qarabağın ermənilər yaşadığı ərazilərdə mütəmadi təxribatların baş verməsinə gətirib çıxarır. Azərbaycanın beynəlxalq hüququdur ki, öz suverenliyini təmin etsin və öz ərazisində antiterror əməliyyatları aparsın, təxribatçı qrupları zərərsizləşdirsin. Rusiya Azərbaycanı üçtərəfli bəyanatların icra ediməməsinə görə qınamamalıdır”.

 

 

Azər Badamov vurğulayıb ki, üçtərəfli bəyanatın tələblərini icra etməyən məhz Rusiya və Ermənistandır:

 

“Üçtərəfli bəyanatlar bu bəyanatı imzalamış bütün tərəflərin üzərində eyni məsuliyyət yaradır. Azərbaycan öz torpaqlarını əbədi olaraq ermənilərin nəzarətinə vermək niyyətində deyil. Əgər rus sülhməramlılar öz vəzifəsinin öhdəsindən gələ bilmirlərsə, Azərbaycan yarımçıq qalmış məsələlərini öz gücü ilə həll edəcək. Rusiya ermənilərə yenidən boş ümidlərə ruhlandıran açıqlamaları səsləndirməməlidir. Rusiyanın sülhməramlı missiyası və açıqlamaları Azərbaycanla imzaladığı müttəfiqlik sənədinin ruhuna və ölkələrimiz arasında uzun illər formalaşmış dostluq və qonşuluq münasibətlərinə xələl gətirməməlidir. Azərbaycanın bütün addımları və planları regionda uzunmüddətli sülhün yaranması istiqamətində davamlı addımların atılmasından ibarətdir. Biz mövqeyimizi açıqlamışıq və qonşu ölkələrə də ədaləti dəstəkləməyə çağırış edirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi