Son zamanlar bölgələrdə sosial etirazlar güclənməkdədir. Bu haqda bəzən dezinformasiya xarakterli məlumatlar yayılsa da, etirazların olduğu danılmazdır. Maraqlıdır əhalinin böyük əksəriyyətinin Bakıda cəmləşməsinə baxmayaraq, etirazlar ən çox bölgələrdə müşahidə olunur. Hətta bunun təşkilatçılarının Rusiya, İran olması ilə bağlı fikirlərdə səsləndirilir.
Regionlarda baş verən proseslərin səbəblərini Modern.az-a şərh edən politoloq Zərdüşt Əlizadə burada “üçüncü qüvvə”nin müdaxiləsini inkar edir. Onun sözlərinə görə, narazılıqların əsas səbəbkarları məmurlardır.
“Bu narazılıqlar Azərbaycan xalqı üçün ümumidir. Maliyyə gəlirlərinin böyük hissəsi Bakıdadır. Digərləri bölgələrin öhdəsinə düşür. Onun da böyük hissəsini iqtidara məxsus olan yüksək vəzifəli məmurlar oğurlayır. Buna görə də camaat narazıdır. Bakının da bir çox kəndində mütəmadi olaraq narazılıqların ifadəsi olaraq əhali çıxış edir. Unutmayın ki, hakimiyyət Bakının siyasi və inzibati əhəmiyyətini anlayır. Əsas qüvvələrini paytaxtda topladığına görə Bakıda camaatın ayağa qalxması çətindir. Rusiya amili ilə bağlı deyilənləri qəbul etmirəm. Hesab edirəm ki, camaatın narazılığında Rusiya faktoru rol oynamır”.
Aqşin Kərimov