Milli Məclisin yaz sessiyasının ilk iclasında deputatların müzakirəsi davam edir. Modern.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Fuad Muradov parlamentdə təklif olunan sosial ipotekalarla bağlı məsələyə toxunub və bu işlə bağlı prosesi sürətləndirməyə çağırıb. Onun sözlərinə görə, əhalinin aztəminatlı hissəsinin sosial ipoteka şərtlərinin yüngülləşdirilməsi vacib məsələdir. Bu proses sürətləndirilməlidir.
Bundan sonra Fuad Muradov AVRONEST-in fevral ayında Bakıda keçiriləcək iclasına toxunub və bildirib ki, Bakıda enerji təhlükəsizliyi komitəsinin iclası olacaq.
“Bununla bağlı Bakıya Avropadan xeyli sayda deputatlar gələcək”. Buna görə, o, Milli Məclisin bu məsələləri diqqətdə saxlamağı və bu iclasın təşkilində hökumət üzvlərinin də burada iştirakını vacib sayıb.
Bundan əlavə deputat bildirib ki, Avropanın Azərbaycanda enerji ilə bağlı siyasəti daima yüksək səviyyədə dəstəklənir.
Spiker Oqtay Əsədov bildirib ki, AVRONEST-in Bakıda keçiriləcək komitəsinin iclası yüksək səviyyədə təşkil olunacaq və hər bir yardım ediləcək.
Modern.az