Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Almatı şəhərində keçirilən MDB Parlament Assambleyası Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddialarına tutarlı cavab verib.
Simonyan çıxışı zamanı guya Azərbaycanın atəşkəs rejimini pozması haqqında iddialar irəli sürüb. Azərbaycan parlamentinin sədri Sahibə Qafarova dərhal Simonyanın ittihamlarına cavab verib və bildirib ki, Ermənistan spikerinin iddiaları həqiqətə uyğun deyil.
"Azərbaycan Müdafiə Nazirliyi artıq bəyan edib ki, ölkəmizin suveren ərazisi olan Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır", - deyə spiker çıxışında diqqətə çatdırıb.
MDB PA-nın iclası barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, parlament sədrinin Ermənistan spikerinə cavabı günün reallıqlarını tam əks etdirir və həqiqətə uyğundur:
“A.Simonyan toplantıda həqiqətə uyğun olmayan iddialar irəli sürüb ki, guya Azərbaycan ordusu sərhəddə atəşkəsi pozur, bəyanatın tələblərinə əməl etmir. Ancaq Sahibə xanım doğruları konfrans iştirakçılarının diqqətinə çatdıraraq, erməni spikeri susdurub.
Sədr qeyd edib ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü BMT tərəfindən təsdiq edilib. Buna heç bir qüvvə tərəfindən xələl gətirilə bilməz. Azərbaycan 44 günlük müharibədə sözünü deyib, torpaqlarını erməni işğalçılarından azad edib. Azərbaycan ordusu ölkə sərhədi daxilində fəaliyyətini davam etdirir”.
Üçtərəfli bəyanatın dördüncü maddəsini xatırladan komitə sədrinin sözlərinə görə Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərindəki erməni silahlı birləşmələri çıxarılmalı idi:
“Lakin terrorçular ərazilərimizdə öz çirkin əməllərini davam etdirir, hətta sülhməramlıların gözü qarşısında Azərbaycan ərazilərini atəşə tutur, istehkamlar qurmağa davam edir. Laçın dəhlizi ilə silahlıları Qarabağ torpağında yerləşdirməyə davam edirlər.
Sahibə Qafarovanın çıxışı beynəlxalq hüquq normalarının xatırladılmasıdır. Azərbaycan bundan sonra öz mübarizəsini davam etdirməlidir. Ərazilərimizdə fəaliyyət göstərən siyasi qruplaşmalar, erməni təcavüzkarları tezliklə çıxarılmalıdır. Əks təqdirdə bu, razılıqla bəyanatda göstərilən tələblər əsasında baş verməzsə, mütləq antiterror əməliyyatı keçirilməli və həmin silahlılar tərksilah edilməlidir. Azərbaycanın haqqıdır ki, qəbul olunmuş bəyanatın maddələrinin yerinə yetirilməsini tələb etsin”.
Deputat Fatma Yıldırım düşünür ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəmizlə bağlı həqiqətə uyğun olmayan, yalan məlumatlar səsləndirərək beynəlxalq ictimai rəyi aldatmağa çalışıb:
“Amma o məqsədinə nail ola bilmədi. Çünki tədbirdə iştirak edən Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarova erməni spikerin yalanlarını ifşa edib, tutarlı cavabı ilə onu susdurub. Ermənistan hakimiyyətinin nümayəndələri son vaxtlar Azərbaycanla bağlı yalanlarını daha da artırıb. Əslində, bu, onların nə qədər təşviş içində olduğunu göstərir. Çünki dövlətimiz beynəlxalq hüquq normalarını və 10 noyabr razılaşmasını əsas tutaraq müvafiq addımlar atır. Belə olan halda Ermənistanın Qarabağda separatçıları qorumaq və öz qanunsuz hərbi birləşmələrini bu ərazidə saxlamaq imkanları azalır. Azərbaycan dövləti birmənalı olaraq mövqeyini ifadə edir ki, 10 noyabr razılaşmasının bütün bəndləri, o cümlədən 4-cü bənd icra olunmalıdır. Əgər bu məsələ uzanarsa, dövlətimiz özü həmin ərazilərdə qayda-qanun yaradacaq. Necə ki, 44 günlük Vətən müharibəsində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirdi”.
Fatma Yıldırım vurğulayıb ki, ermənilər saxta iddialarla çıxış edərək guya Azərbaycanın atəşkəsi pozduğunu, Qarabağda “etnik təmizləmə” apardığını, “hərbi əsirləri” geri qaytarmadığını dünyaya car çəkməyə çalışır:
“Erməni spiker beynəlxalq tədbirdə bu saxta iddialarla çıxış etsə də, fiaskoya uğradı. Çünki Milli Məclisin sədri Sahibə Qafarova faktlarla erməni tərəfini ifşa etdi, Azərbaycanın Ermənistana sülh sazişi imzalamaq üçün təkliflər göndərdiyini xatırlatdı. Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata sadiqdir. Lakin həmin Bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməyib. Buna görə də Bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır. Beləliklə, parlament diplomatiyası da dövlət və milli maraqlarımızın beynəlxalq müstəvidə qorunmasında mühüm amildir. Azərbaycan bütün müstəvilərdə, o cümlədən parlament diplomatiyası çərçivəsində Ermənistanın ölkəmizə qarşı saxta iddialarının qarşısını almaq və əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində fəal siyasət həyata keçirir”.
Deputat Elnur Allahverdiyev spikerin çıxışını xatırladaraq bildirib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və silahlı qüvvələrimiz istənilən an burada mövqe dəqiqləşdirmələri apara bilər:
“Son gərginliyin başlıca günahkarı məhz Ermənistandır, çünki rəsmi Yerevan 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından ilyarım keçməsinə baxmayaraq, Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasını tələb edən 4-cü bəndin icrasından boyun qaçırır.
Ermənistan parlament sədrinin çıxışı dezinformasiya məqsədi daşıyırdı, ancaq spiker Sahibə Qafarovanın vaxtında və arqumentli müdaxiləsi onun cəhdini nəticəsiz qoydu. Ermənistan diplomatiyası dalandadır. Ermənilərin parlament diplomatiyaları çıxılmaz vəziyyətə düşüb. MDB dövlətlərində yaxşı bilirlər ki, 2020-ci ilin 44 günlük müharibəsində Ermənistan acınacaqlı məğlubiyyətə uğrayıb və danışıqlar müstəvisində olduğu kimi, döyüş meydanında da arqumentsiz qalıb. A.Simonyanın bu çıxışı rəsmi Yerevanın aqoniyasının nümayişi idi. Milli Məclis sədrinin təkrar çıxışında bəyan etdiyi əsaslı dəlillər erməni spikerin iddialarını puça çıxardı”.
E.Allahverdiyev hesab edir ki, ermənilər həmişə olduğu kimi məntiq sarıdan ağsayırlar:
“Simonyan çıxışında Azərbaycanı Qarabağda atəşkəsi pozmaqda günahlandırarkən, ola bilər özü unudub, ancaq tədbir iştirakçıları yaxşı bilirdilər ki, son günlərin gərginliyinin gerçək səbəbi var. Azərbaycan ordusu məgər dinc əhaliyə qarşı silah tətbiq edib? Hansı mülki erməni bu barədə şikayətlənə bilər? Təkrar çıxışında Sahibə xanım Qafarova düzgün qeyd etdi ki, atəşkəsin pozulmasının başlıca səbəbi Ermənistandır. Çünki üçtərəfli bəyanatın 4-cü bəndini indiyədək icra etməyib. Ermənilər tərəfdən atəşi mülki əhali açıb? Atəş açan qanunsuz terrorçu qruplaşmalar olub və cavablarını alıblar. Onlar Azərbaycanın suveren ərazisində nə edirlər?”
Azərbaycan parlamentinin beynəlxalq aləmdə ciddi nüfuza və hörmətə malik olduğunu vurğulayan deputat söyləyib ki, bunu Milli Məclisin nümayəndə heyətlərinin xarici səfərlərində sədr Sahibə Qafarovaya və millət vəkillərimizə göstərilən diqqət və münasibətdən görmək olar:
“Çünki Azərbaycan bütün səviyyələrdə beynəlxalq hüquq və prinsiplərə, gerçək faktlara istinad edib. Almatıdakı tədbirdə də Sahibə xanım erməni spikerə cavabında tutarlı faktlarla çıxış etdi. Birincisi, Azərbaycan öz suveren ərazisində ordu birləşmələrinin istənilən mövqe dəqiqləşdirmələrini həyata keçirə bilər. İkincisi isə nə səbəbdən Ermənistan hələ də qanunsuz separatçı-terrorçu qruplaşmaları ərazimizdən çıxarmayıb? 10 noyabr bəyanatının müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır. Deməli, atəşkəsin pozulmasına rəvac verən də məhz Yerevandır”.