Milli Məclisin bugünkü iclasında çıxış edən spiker Oqtay Əsədov ölkədə son zamanlar baş verən sosial narazılıqlarla bağlı məsələyə toxunub. Modern.az xəbər verir ki, Milli Məclis sədri bildirib ki, bütün bu məsələlər elə-belə yerlərdən qaynaqlanmır.
“Bu il seçki ilidir. Odur ki, diqqətli olmaq lazımdır. Seçki ilində ölkəmizə həm daxildən, həm də xaricdən çox təzyiqlər olacaq. Ona görə də belə məsələlərin gündəmə çıxarılması zamanı müzakirələr ciddi aparılmalıdır. Belə hadisələri başlı-başına buraxmaq olmaz. Dövlət bu məsəlini araşdıracaq, təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar”.
Spiker deputatları öz seçiciləri ilə aktiv münasibətlər qurmağa və işlər aparmağa səsləyib. Eyni zamanda qızışdırıcı mövqelərə əhəmiyyət verməməyə çağırıb. O bildirib ki, hər bir deputat öz seçiciləri ilə görüşü zamanı bu və ya digər məsələlər barədə onlarla mütəmadi əlaqələr saxlamalıdır.
O.Əsədov İsmayıllı və digər yerlərdə baş vermiş hadisələri icra başçısı ilə bağlamağın düzgün olmadığını deyib.
“Bunlar icra başçısı ilə bağlı olan problem deyil. Bunu düzgün anlamaq lazımdır və bir sıra məsələlərdə diqqətli olmalıyıq”-deyə Oqtay Əsədov bildirib.
Xaqani Səfəroğlu