Media Hüququ İnstitutu (MHİ) yazıçı Əkrəm Əylisliyə qarşı yaxşı təşkil olunmuş siyasi kampaniyanı qətiyyətlə pisləyir. Modern.az-a MHİ-dən verilən məlumata görə, institut bunu ifadə azadlığı, xüsusilə bədii yaradıcılıq azadlığına ciddi qorxu yaradan zərərli kampaniya sayır.
““Daş yuxular” romanına görə təqib olunan yazıçıya qarşı kirli aşağılama, gözdənsalma kampaniyası aparılır. Yazıçı hətta özünə və ailə üzvlərinə qarşı fiziki və mənəvi hücumlardan dərin narahatlığını ifadə edib. Təəssüf ki, belə basqılara hakimiyyətdə yüksək pillədə duran siyasilər böyük qatqı verirlər. Siyasi müstəqilliyi hər zaman müzakirə mövzusu olan televiziya şirkətləri də öz növbəsində tərəfsiz və balanslı xəbərləmə, əks tərəfə cavab vermə hüququ tanıma ilə bağlı media qanunvericiliyinin tələblərini pozaraq yazıçıya qarşı siyasi kompaniyada yaxından iştirak edirlər. Yazıçıya və romana qarşı çıxan rəyləri həvəslə yayan televiziyalar əks fikirlərə yer ayırmır, tənqid hədəfinə çevirdikləri yazıçıya cavab hüququ vermirlər. “Televiziya və radio yayımı haqqında” Qanunun bu müddəalarının pozulmasına, düfamasiya və nifrət dolu çağırışlara baxmayaraq Milli Teleradio Şurası bu vəziyyəti sakitliklə seyr etməkdə davam edir”.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bu sözlərinə onu da əlavə edib ki, hər hansı əsərdəki ifadələrlə bağlı hər kəsin rəyini bildirmək, onu qınamaq və ya bəyənmək haqqı var. Bu hüquqdan yararlanma başqa şəxsin hüquqlarına və qanuni mənafelərinə zərər vurmamalı, eləcə də milli nifrət, ksenofobiya təbliğ etməməlidir.
Media Hüququ İnstitutu yazıçıya qarşı bu çirkin kampaniyanı dayandırmağa, onun və ailə üzvlərinin təhlükəsizliyi üçün qanuni tədbirlər görməyə çağırır.
Sevinc İltifatqızı