Bu gün Milli Məclisin plenar iclasında YAP-icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bir sıra müxalifətçilərin seçki komissiyalarının yenidən təşkil edilməsi ilə bağlı tələblərinə münasibət bildirib.
Modern.az xəbər verir ki, müxalifət qüvvələrini tənqid edən deputat buna ehtiyac olmadığını deyib. “Seçki komissiyalarının dəyişdirilməsinə, yenidən təşkil edilməsinə heç bir ehtiyac yoxdur. Əhali sizə səs vermir. Nə edək? Bunun üçün seçki komissiyalarını hər dəfə dəyişməyə lüzum yoxdur”.
YAP-çı deputatın sözlərinə görə, Azərbaycanda normal seçki təcrübəsi mövcuddur.
“Kim səs yığa bilmirsə, bu seçki komissiyaların günahı deyil”.
O, eyni zamanda seçki təbliğatı üçün kampaniya müddətinin az olması ilə bağlı iradları qəbul etməyib. Bildirib ki, onsuz da çoxu il ərzində siyasətlə məşğul olurlar.
Bununla yanaşı, son vaxtlar baş verən olayların şişirdilməsinə də münasibətini bildirən Siyavuş Novruzov məsələyə bolşevik təfəkkürü ilə yanaşıldığını deyib.
“Azərbaycan Respublikasının qanunları var və məsələlər bunun əsasında öz həllini tapır”.
X.Səfəroğlu