Hesablama Palatasının Protokol xidməti və təşkilati işlər sektorunun baş məsləhətçisi, mətbuat katibi Nailə Məhərrəmova vəzifəsindən azad edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, N.Məhərrəmova bununla bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədova ərizə ilə müraciət edib.
O, ərizədə pensiya yaşına çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş edib.
N.Məhərrəmova Modern.az-a açıqlamasında faktı təsdiqləyib və illər ərzində onunla çalışan jurnalistlərə təşəkkür edib, uğurlar arzulayıb.
"22 il mətbuatda jurnalist fəaliyyətimdən sonra Hesablama Palatası kimi bir qurumda 20 il mətbuat katibi vəzifəsində çalışmışam. Hesab edirəm ki, eyni qurumda, özü də yarandığı gündən belə nüfuzlu bir dövlət qurumunda 20 il işləmək böyük şərəfdir. Həmişə işim dəyərləndirilib, yüksək dövlət mükafatına təqdim olunmuşam. Ən əsası yaxşı insanlarla işləmişəm, yaxşı dostlar qazanmışam.
Bu gün otağım dolub-boşalır, mənimlə sağollaşmağa, halallaşmağa gələnlərin də dediyi kimi, insanların yaddaşında bir iz qoymuşamsa, türklər demiş, nə mutlu mənə. Mən də 20 il gəlib-getdiyim, fəaliyyətinin, bir növ, salnaməsini yazdığım qurumdan çox xoş təəssüratla ayrılıram. Təqaüdə çıxmaq nəsib olduğu üçün ayrıca xoşbəxtəm. Üstəlik, indiki pandemiya, təlatümlər dövründə təqaüd yaşına çatmaq özü də bir xoşbəxtlikdir.
Dəyərli və sevimli jurnalist həmkarlarımla da ayrılmaq ağırdır. Mənimlə işləyən, ünsiyyətdə olduğum bütün jurnalistlərə minnətdaram. Həmişə hər bir zəngə və ya sorğuya cavab vermişəm. Ola bilər ki, işimizin xüsusiyyətləri ilə əlaqədar onlara çox faydalı ola bilmədiyim zaman olub, qüsura baxmasınlar.
Asan deyil, əlbəttə. Amma hər şeyin bir sonu olur. Belə hiss edirəm ki, jurnalistlərlə ayrılıq uzun sürməyəcək, çünki jurnalistlik də ömürlük peşədir", - N.Məhərrəmova vurğulayıb.
Gülşən