Modern.az

Zakir Qaralov: "Həmin qüvvələrin pozucu hərəkətlərinin qarşısı alınacaq” - XƏBƏRDARLIQ

Zakir Qaralov: "Həmin qüvvələrin pozucu hərəkətlərinin qarşısı alınacaq” - XƏBƏRDARLIQ

1 Fevral 2013, 16:51

Fevralın 1-də Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

İclasda çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, son dövrlərdə Bakı şəhərində və İsmayıllı rayonunda baş vermiş destruktiv qüvvələrin təsiri altında ölkədə ictimai-siyasi sabitliyin  pozulmasına, vətəndaş qarşıdurması yaradılmasına, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsində və əmlaka ziyan vurulmasında ifadə olunan qanunsuzluqlara yol verilməsi faktlarına görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir.

Z.Qaralov deyib ki,  korrupsiyaya qarşı kəsərli və ilk növbədə, profilaktiki yönümlü mübarizənin gücləndirilməsi, bu sahədə fəaliyyətin forma və metodlarının daha da təkmilləşdirilməsi 2012-ci ildə qarşıda duran mühüm vəzifələrdən biri olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən tərəfindən 2012-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilib. “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə çevik tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə bağlı 34 cinayət işi başlanıb, idarənin öz imkanları hesabına reallaşdırdığı əməliyyat tədbirləri nəticəsində 32 vəzifəli şəxsin cinayətkar əməlləri ifşa edilib.

Hesabat ilində dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorların iştirakı ilə 12.945 şəxs barəsində 10.815 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib, məhkəmə səhvlərinin aradan qaldırılması üçün məqsədyönlü işlər görülüb.

Hesabat ilində bütövlükdə prokurorluq orqanlarına 51 mindən çox, o cümlədən Baş Prokurorluğa 37,3 min ərizə və şikayət daxil olmaqla, onların 18,8 mininin müvafiq qaydada həlli, o cümlədən 2.520 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunub. Prokurorluq orqanlarında 24,5 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 11,3 min, Baş Prokurorluqda isə 3.035  vətəndaş qəbul edilib.

Kollegiya iclasında qeyd edilib ki, 2012-ci ildə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş  21 əməkdaş, o cümlədən 5 nəfər ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edilib, 77 prokurorluq işçisi  yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkilib, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq   prokurorluqda qulluğa yeni qəbulun həyata keçirilməsi təmin olunmaqla, müsabiqə nəticələrinə görə müvəffəqiyyət qazanan 47 gənc hüquqşünas yaxın vaxtlarda vakant vəzifələrə təyinat alacaqlar.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində ən qəti tədbirlərin görülməsi təmin olunub. 2012-ci ildə müxtəlif  xətalara yol verdiklərinə görə 62 əməkdaş intizam qaydasında  cəzalandırılıb, 6 əməkdaş tutduğu vəzifələrdən azad edilib, xidmətlə bir araya sığmayan və  prokurorluq işçisinə yaraşmayan, «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin  Etik davranış Kodeksi»nin tələblərini  pozan hərəkətlərə yol verdiklərinə görə 10 əməkdaş prokurorluq orqanlarından xaric olunub.
Həmçinin, səlahiyyət hədləri daxilində Respublika Hərbi prokurorunun əmrləri ilə 21 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 2013-cü ildə də xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin eyni prinrsipiallıqla davam etdirilməsi, bütün rəhbər vəzifəli şəxslər  tərəfindən möhkəm nizam-intizam yaradılmasına yönəldilmiş müvafiq təşkilati və digər işlərin görülməsi barədə tapşırıqlar verilib.

Hesabata görə, törədilmiş 21.897 cinayətin 86,2 faizinin açılması təmin edilməklə bu göstərici 3,3 faiz yaxşılaşıb. Eyni zamanda, əvvəlki illərdə törədilməklə bağlı qalan 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması, habelə çoxsaylı  ağır cinayətlər törətmiş 191 cinayətkar qrup və  9  mütəşəkkil dəstənin zərərsizləşdirilməsi təmin olunub. Qabaqlayıcı tədbirlərin imkanlarından səmərəli istifadə olunmasının nəticəsidir ki, əhalinin hər min nəfərinə düşən cinayətlərin sayı azalaraq 236-ya bərabər olub, qrup halında, o cümlədən əvvəllər məhkum olunmuş şəxslərdən ibarət qruplar tərəfindən, ailə münaqişəsi zəminində  və odlu silahın tətbiqilə  törədilən cinayətlərin sayı azalıb.

Keçmiş illərdə törədilməklə bağlı qalan 252 cinayət üzrə  təqsirkar şəxslərin müəyyənləşdirilməsinə nail olunub.

İclasda qeyd olunub ki, xidməti vəzifələrinin icrasına vicdanlı münasibət nümunəsi göstərən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları  tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması, təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb edilmələri təmin olunub. Buna misal olaraq,  ötən il martın 1-də Quba şəhərində bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud şəkildə pozulmasına səbəb olan hərəkətlərin təşkili, özgə əmlakının qəsdən zədələnərək məhv edilməsi, 20 iyul 2012-ci ildə Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş vermiş yanğın hadisəsi faktları üzrə   başlanmış cinayət işləri üzrə  həyata keçirilmiş  istintaq hərəkətləri göstərilib.

Kollegiya iclasında, görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil  olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Baş Prokurorluğun müvafiq qurumları və əlaqədar tabe prokurorlara tapşırıq verilib ki,   hesabat ilinin nəticələrinə görə bağlı qalmış 8 belə cinayətin, o cümlədən Bakı şəhərinin Yasamal, Ağdaş, İmişli, Balakən, Xızı, Şəmkir və Şəki rayonları, habelə Sumqayıt şəhərinin hər birində 1 fakt olmaqla açılması istiqamətində zəruri tədbirlərin görülməsi   təmin edilsin.

Kollegiya iclasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri və bütün hərbi birləşmələrdə qanunçuluğun təmin olunması və hərbi nizam-intizamın möhkəmləndirilməsi, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun öz səlahiyyətləri daxilində səmərəli fəaliyyət göstərdiyi, işin düzgün təşkili, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyi, mövcud strukturun təkmilləşdirilməsi və fəaliyyətin müasirləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində  məqsədyönlü işlərin  görüldüyü diqqətə çatdırılıb.

Dövlət əmlakının mənimsənilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, o cümlədən, 2011-ci illə müqayisədə hesabat ilində 121 fakt və ya 44 faiz çox korrupsiya  və  rüşvətxorluq  cinayətləri aşkarlandığı, müstəqil şöbə statusunda fəaliyyət göstərən Xüsusi istintaq şöbəsində qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin istintaqı ilə əlaqədar görülən məqsədyönlü işlər barədə məlumat verilib.

Baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov iclaada çıxış edib.

Kollegiya iclasına Baş prokuror Zakir Qaralov yekun vurub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!