Artıq bir neçə gündür ki, ölkədə qalmaqala səbəb olan “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisiyə qarşı müxtəlif fikirlər səsləndirilir. Hətta onun fəxri adlardan məhrum edilməsi kimi təkliflər də irəli sürülür. Çoxluq onu cəzalandırmanın, fəxri adlarının geri alınmasının tərəfdarı olsa da, buna qarşı çıxanlar da var.
Sabiq deputat Nazim Məmmədov Modern.az-a bildirib ki, Əkrəm Əylislinin ölkədən qovulması, fəxri adının ləğvi, mükafatlarının geri alınması, hətta fiziki cəzalandırılması kimi çağırışlar qəbuledilməzdir.
Qalmaqallı romanı oxuduğunu deyən eks-millət vəkili bildirib: “Orada Azərbaycan xalqının aşağılanmasını deyil, bir qrup şəxsin öz maraqları çərçivəsində “özlərindən olmayanları” necə cəzalandırdığı səhnələrini görürük.
Əgər biz Qarabağın Azərbaycanın tərkibində olmasını, məcburi köçkünlərimizin geri qayıdandan sonra erməni vətəndaşlarımızla birgə yaşamasını istəyiriksə, “erməni” sözünü aşağılayıcı assosiasiya yaradan ifadə kimi qəbul etməməliyik”.
Nazim Məmmədov onu da deyib ki, Əkrəm Əylisli kimi necə təsvir etməsindən asılı olmayaraq, bir mövqeyi olan adamdır:
”Təkcə buna görə o hörmətə layiqdir”.
Gültəkin Ələsgər