Modern.az

“Doğum günümü dostlarla Ağdamda qeyd etdim” – DEPUTAT

“Doğum günümü dostlarla Ağdamda qeyd etdim” – DEPUTAT

1 Aprel 2022, 11:27

Bu gün Milli Məclisin deputatı, tanınmış yazıçı-jurnalist Aqil Abbasın doğum günüdür. Əməkdar jurnalist 69 yaşını qeyd edir. Deputat doğum günü ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

Onunla söhbəti təqdim edirik:

- Aqil müəllim, doğum günü münasibətilə sizi təbrik edirik. Özəl gündə özünüzü necə hiss edirsiniz?

- Təşəkkür edirəm. Hər şey qaydasındadır. Məncə, doğum günü adi günlərdən biridir. 

- Doğum gününüzü necə keçirməyi düşünürsünüz?

 - Şəhərdə qeyd etməyi düşünmürəm, doğum günümü artıq doğma Ağdamda qeyd etmişəm. Həyətimizdə tonqal qaladım, dostlarımla birgə çay içib, söhbət etdik. Ümumilikdə, o qədər də doğum gününə həvəsli deyiləm, nə var ki, burada? Doğulmuşuq, indi də böyüyürük…

- Yaş üstünə yaş gəlir. Artıq 70-ə yaxınlaşırsınız. Bu, sizi qorxutmur ki?

- Hər yaşın öz özəlliyi, gözəlliyi var. İndi 69 yaşım olur. Bu, bir təcrübədir ki, 69 il yaşamaq mümkündür.

- Sizi ilk kimlər təbrik etdi?

- Nəvələrim tort və şam almışdılar mənim üçün. İlk onlar təbrik etdilər. Mən də nəvələrimin hər biri üçün üçün köynək almışam.

- Yeni yaşınızdan gözləntiləriniz və istəkləriniz nələrdir?

- Tam səmim deyirəm ki, Qarabağımızın dirçəlməsi mənim ən böyük gözləntim və arzumdur. Mən yenidən əvvəlki Ağdamı eyni, abad görmək istəyirəm.

Qeyd edək ki, Aqil Məhəmməd oğlu Abbasov (Abbas) 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Əməkdar jurnalistidir. "Araz", "Dan ulduzu", "Qızıl qələm" mükafatları laureatıdır. 8 kitabın müəllifidir. 1976-cı ildən Ağsu şəhər internat məktəbində müəllim işləyib. 1977-ci ildən “Elm və həyat” jurnalında, 1987-ci ildən “Sovet kəndi” qəzetində çalışıb.

1990-cı ildə “Ədalət” qəzetini yaradıb. 1990-cı ildən 2005-ci ilədək “Ədalət"in baş redaktoru olub. İndi təsisçisidir. 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır.

Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edib. Yazıçının "Dolu" romanı əsasında ekranlaşdırılan "Dolu" filmi son illər Qarabağ müharibəsi mövzusunda çəkilən ən yaxşı filmlərdən biridir.

Fatma Abdulla

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi