Modern.az

Gecə klubundakı partlayışa görə cinayət işi AÇILDI

Gecə klubundakı partlayışa görə cinayət işi AÇILDI

3 Aprel 2022, 09:30

Xəbər verildiyi kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən  gecə klubunda partlayış baş verib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

 

Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən  ibarət birgə istintaq qrupu yaradılıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.


Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyənləşib.


Partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova). 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir.

 

Həmçinin, bildirilib ki, hadisə nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

 

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir.


İctimaiyyətə əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?