Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri Novruzov Laçın Əhməd oğlunun yeni məktubları üzə çıxıb.
Modern.az saytı əslən Quba rayonundan olan Laçın Novruzovun 28 il öncə ailəsinə və yaxın qohumlarına yazdığı daha iki məktubu əldə edib. Həmin məktublar 1994-cü ilin mart ayında Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ailələrə çatdırılıb. Məktublardan biri Laçının valideynlərinə, digəri onun dayısına ünvanlanıb.
24 mart 1994-cü il tarixində L.Novruzov xalası Mahirə və dayısı Fərruxa yazdığı məktubda Füzulidə olduğunu bildirib:
“Mən məktubu Füzulidən yazıram, sağ-salamatam. Məni qurtarın, yaşamaq istəyirəm. Qurban olum, məni tez olun axtarın. Qutarın məni. Səbirsizliklə gözləyirəm. Məni aprelə kimi dəyişin. Sağ olun”.
Laçının 1994-cü ilin mart ayında valideynlərinə göndərdiyi məktubda isə bu sözlər qeyd olunub:
“Salam, ata-ana. Bu məktubu yazan Laçındır. Sağ-salamatam Füzulidəyəm. Qurban olum, gəlin məni qurtarın. Mən yaşamaq istəyirəm, məni tez dəyişin, yaşamaq istəyirəm. Məni axtarın, dözə bilmirəm”.
Xatırladaq ki, Ermənistanın Qarabağda törətdiyi və beynəlxalq qurumların göz yumduğu dəhşətli bir faktın üstü illər sonra açılıb. Belə ki, Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə ailəsinə göndərdiyi məktub üzə çıxıb. Əsirin məktubu sosial şəbəkələrdə paylaşılaraq, geniş rezonans doğurub.
Həmin məktubda deyilir: “Salam ata-mama. Mən Novruzov Laçın, sağ-salamatam. Ermənistanın Edilli kəndindəyəm. Sizə qurban olum, gəlin məni qurtarın. Yalvarıram mama, bunu yazan Laçındır. Necə olursa-olsun qurtarın. Mama-Papa məni qurtarın burdan. Yaşamaq istəyirəm, tez qurtarın, gözləyirəm sizi. Novruzov Laçın. Sağ olun”.
Təqdim etdiyimiz məktublardan məlum olur ki, Qırmızı Xaç Komitəsi azərbaycanlı gəncin taleyinə biganə yanaşıb, Laçının geri qaytarılması üçün heç bir iş görməyib.
Laçın Novruzovun qardaşı Elçin Novruzov Modern.az-a bu gün verdiyi açıqlamada qardaşına heç kimin yardım etmədiyini bildirmişdi:
“Laçının həqiqi hərbi xidmət vaxtı müharibə dövrünə təsadüf edib. O, birbaşa müharibəyə yollanıb. Həmin vaxt Laçın subay idi, ailə qurmamışdı. Bir müddətdən sonra onun əsir düşdüyünü eşitdik. Anam, atam və demək olar ki, hamı bilirdi ki, Laçın ermənilərə əsir düşüb. Qırmızı Xaç Komitəsi vasitəsilə evə dəfələrlə məktub yollayıb. Laçının yazdığı məktublar hələ də evimizdədir. Rəhmətlik atam məktubdan sonra Ağdama kimi gedib çıxmışdı. Laçın sonuncu məktubu yazanda Ermənistanda olub. O məktubdan sonra saxlanıldığı yeri dəyişiblər, başqa bir əraziyə aparıblar. Həmin vaxt mənim yaşım az idi, o zaman baş verənləri elə də dəqiqliklə xatırlamıram. Amma bildiyim odur ki, Laçın əsirlikdən azad olunması üçün kömək istəyirdi, lakin heç kim ona yardım etmədi. İllər sonra Laçına şəhidlik statusu verildi, anama pensiya ayrıldı. Lakin onun sağ və ölməsi barədə bizə heç bir məlumat verilmədi. İndiyədək də məlumatımız yoxdur”.
Məlumat üçün bildirək ki, L.Novruzov 1973-cü ilin 27 aprel tarixində Qubada anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanıb. 2001-ci ildə ona şəhid statusu verilib.
Modern.az Laçın Novruzovun yazdığı məktubların tam mətnini təqdim edir: